Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-60/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol zavodunda usta işləyən, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 97, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “Yaşıl Dərə” yaşayış massivində yaşayan, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. X2 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Goradil kəndi “X3” istiqamətində idarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə işığını yandırıb sola manevr etmək istəmişdir. Bu zaman arxada daha bir avtomobil olmuş və onun dönməsini gözləmişdir. Qarşıdan və həyətinə girmək istədiyi obyektdən avtomobilin gəlmədiyini görüb, sola manevr edərkən arxadan əks yola çıxaraq yüksək sürətlə hərəkət edən “Kia Sorento” markalı avtomobil bir avtomobili keçərək onun idarə etdiyi avtomobilə vurmuşdur. Həmin avtomobil sürətin təsirindən və zərbədən onun avtomobilinə çırpıldıqdan sonra bir neçə metr sürüklənib dirəyə dəyib dayanmışdır. Hadisədən bir müddət sonra dövlət yol polisi əməkdaşı hadisə yerinə gəlmiş və fotoşəkillər çəkib hadisə barədə məlumat almışdır. Bundan bir neçə gün sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hadisədə onun günahı olmamış, digər avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili vurmuşdur. O isə əks yola çıxmadan dönmə üçün nəzərə tutulmuş yoldan manevr etmişdir. Avtomobilini vuran sürücünün cərimə olunub-olunmamasından məlumatı yoxdur, lakin özünün cərimə olunmasını qanunsuz hesab edir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 16:10-da Sahil yolu ərazisində ərazisində “Mercedes Benz 200” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydalarını pozmuşdur.
5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, mübahisələndirilən qərar üzrə səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsiri, yəni onun əks yola çıxmadan manevr etmə qaydalarını pozması halı sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlar daxilində müəyyən edilir ki, X1 sığortası əsasında yol nəqliyyat hadisəsinə qiymət verilərək, qarşı tərəfin maşını təmir edilmişdir. Bu da bir daha hadisəyə hüquqi qiymət verilərək, nəticələrinin aradan qaldırılması üçün zəruri qərarlar qəbul olunduğunu göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini əsaslandırsa da, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilən hallarla X2 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.
8. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
15. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova