Məhkəmə qərarları › İş №3(001)-6077/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6077/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6077/2025 27.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 27 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 27 avqust 2025-ci il tarixdə, saat 11:15 radələrində Binəqədi rayonu, Atatürk pr. “Güvən” klinikasının qarşısında ictimai asayişi kobudcasına pozduğu üçün saxlanılan zaman polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş E.H.Əliyev bildirdi ki, o, 27 avqust 2025-ci il tarixdə, saat 11:15 radələrində inzibati ərazi üzrə xidmətdə olarkən “Güvən” klinikasının qarşısında bir nəfər kişi cinsindən olan şəxsin bir qadını zorla avtomobilə əyləşdirmək istədiyini görüb, onlara yaxınlaşmış, özünü təqdim edərək, həmin şəxsi nizam-intizama dəvət edərək, hadisə barədə maraqlanmaq istəsə də, həmin şəxs onun tələbinə tabe olmamış, yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmaqda davam etmişdir. Buna görə də, hadisə yerinə yaxınlaşan X7 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşlarının köməkliyi ilə həmin şəxs 5-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur, avtomobilinə mindirməyə çalışdığı qadın isə bir müddət öncə münasibətləri olan X2r. Daha öndə də Fidan Əhmədova ərizə ilə 5-ci PB-yə müraciət edərək, Şəxs onu narahat etdiyini bildirmiş, İmran Bölməyə dəvət olunaraq ondan bu hərəkətlərinə son qoymasına dair iltizam alınmışdır. Sonda E.H.Əliyev Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, onun Şəxsla təmxinən 7-8 ay münasibəti olmuşdur. Sonradan İmranın bəzi hərəkətlərini bəyənmədiyindən, ondan uzaqlaşmaq qərarına gəlmişdir. Bundan sonra İmran artıq onu narahat etməyə başlamışdır. O, 17 avqust 2025-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-yə ərizə ilə müraciət edərək, İmranın bu hərəkətləri barədə tədbir görülməsini xahiş etmişdir. 27 avqust 2025-ci il tarixdə, saat 11 radələrində o, “Güvən” klinikasından çıxarkən İmran onun qarşısını kəsib əlindən telefonunu almış, sonra onu qocaqlayaraq zorla avtomobilə mindirməyə çalışmışdır. O, qışqırmış, bu zaman səsə polis əməkdaşları yaxınlaşmış və ona köməklik göstərmişlər. İmran polis əməkdaşlarını gördükdən sonra ucadan nalayiq ifadələr işlətməyə başlamış, həmçinin, polisin xidməti avtomobilinə əyləşməkdən imtina etmiş, sonra zorla Polis Bölməsinə aparılmışdır. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 27 avqust 2025-ci il tarixdə Fidan Əhmədovaya yaxınlaşmaqda niyyəti ayrılıq səbəbini öyrənmək olmuşdur. Lakin Fidan ondan uzaqlaşmaq istədiyindən, onu saxlamaq üçün deyilən hərəkətləri etmişdir. Hazırda əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı Elvin Əliyev tərəfindən tərtib edilmiş 27 avqust 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:15 radələrində inzibati ərazidə xidmətdə olarkən, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Güvən” klinikasının yanında olarkən, bir nəfər kişinin zorla bir qadını avtomobilə əyləşdirmək istədiyini görüb ora yaxınlaşdım. Özümü təqdim edərək həmin şəxsin nizam-intizama dəvət etsəm də, sonuncu buna məhəl qoymayaraq və səs-küy salaraq öz hərəkətlərini davam etdirərək ətrafdakıların diqqətini özünə cəlb etməyə çalışdı. Dəfələrlə onu nizam-intizama riayət etməyə və 5-ci Polis Bölməsinə dəvət etsəm də, həmin şəxs qanuni tələbimə tabe olmayaraq, öz hərəkətlərinə və uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmağa davam etmiş, Bölməyə gəlməkdən imtina etmişdir. Həmin şəxs hadisə yerinə yaxınlaşan DİN-in ƏÇPA-nın ərazidə xidmətdə olan patrul naryadının köməyi ilə 5-ci Polis Bölməsinə təmin olundu. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olundu. - X7 Alayının 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş 27 avqust 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində inzibati ərazidə xidmətdə olan zaman Atatürk prospekti “Güvən” klinikasının yaxınlığında bir nəfər şəxsin bir xanıma zorakılıq göstərdiyini görüb onu məcburi qaydada maşına otuzdurmaq istədiyini gördük və dərhal həmin şəxsə yaxınlaşıb həmin vətəndaşı xidməti avtopatrula əyləşdiyib 5-ci PB-yə təmin etdik... - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 27 avqust 2025-ci il tarixdə, saat 11:30-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi onun etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və iş materiallarında olan raport ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs törətmiş olduğu əməlləri səmimi etiraf etməklə, əməlindən səmimi peşmançılığını bildirməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2025-ci il tarixdən, saat 11:30-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar