Məhkəmə qərarları › İş №3(001)-610/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-610/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-610/2022 18.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 51-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal 121C, 210 saylı mənzilin giriş qapısında dəhlizdə qoyulmuş 200 manat dəyərində 1 ədəd velosipedin oğurlaması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən 18.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, 18.02.2022-ci il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal 121C, 210 saylı mənzilin giriş qapısında dəhlizdə qoyulmuş 200 manat dəyərində 1 ədəd velosipedin oğurlanması ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzi sisteminə X5 tərəfindən müraciət daxil olmuşdur. 17.02.2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Rəsulzadə qəsəbəsində velosiped oğurluğunda şübhəli bilinən Şəxs saxlanılaraq PN-nə gətirilmişdir. Bölmədə əməlini etiraf etmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndərimişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, PB-də verdiyi izahatı təsdiq edir. Lakin məhkəmə tərəfindən verilən suallara cavab verə bilməmiş, hansı tarixdə hansı ünvandan velosiped oğurladığını xatırlamadığını qeyd etmişdir. Halbuki PB-də yazdığı izahatda ona istinad edilən əməli nə vaxt hansı tarixdə törətdiyini qeyd etmişdir. Atası ilə birlikdə yaşadığını, anası və qardaşının keçən il rəhmətə getdiyini özünün isə Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olduğunu qeyd etmişdir. Həmçinin 18.03.2022-ci il tarixdə təhsil aldığı univertsitetdə imtahanı olduğunu və ona həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını, işdə oun etirafından başqa heç bir sübutun olmadığını, onun PB-də vəkillə təmin edilmədiyini o etiraf izahatının necə və hansı şəraitdə alınmasının məlum olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 28.12.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokol tərtib edilmişdir. Həmin qərardan vətəndaşın ilk əvvəl oğurlanmış əmlakın qiymətini 350., daha sonra 200 və sonda 100 manat qiymətləndirdiyi məlum olur. Lakin yekunda həmin velosipedin nəyə əsasən 100 manat məbləğində qiymətləndirilməsi məhkəməyə məlum deyildir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin sahə rəisi Nəsimi Məmmədov tərəfindən tərtib edilmiş AZA 001089 nömrəli, 17.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 17.02.2022-ci il saatı göstərilməyən vaxtda inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs vəkildən imtina etməsinə dair 18.02.2022-ci il tarixli ərizədən görünür ki, ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 17.02.2022-ci il tarixdə alınmış izahatında 20.12.2021-ci il tarixdə təxminən gecə 11-12 arası 9-cu mikrorayonda yerləşən yeni tikilinin birinə daxil olaraq velosiped oğurlayıb 20 Yanvar ərazisinə 80 manata satdığını etiraf etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Şəxs izahatı vəkilin iştirakı olmadan alınmış, zəruri protokollar tərtib edildikdən sonra ondan vəkildən imtina ərizəsi alınmışdır. Hətta həmin ərizə Elçin Əhmədov tərəfindən nə yazılmış, nə də imzalanmışdır. Əlavə olaraq məhkəmədə tətqiq edilmiş iş materialları ilə Şəxs tərəfindən protokolda qeyd edilmiş əməlin törədilməsi öz təsdiqini tapmır. Belə ki, PB tərəfindən natamam araşdırma aparılması, Elçin Əhmədovun etirafından başqa heç bir sübut toplanılmamışdır. Məhkəmə tərəfindən dindirmə zamanı Elçin Əhmədovun protokolda qeyd edilən ona törətdiyi istinad edilən əməldən xəbərsiz olması, izahatının hansı şəreaitdə təzyiq altında alınıb-alınmaması, vəkilin ona təqdim edilməməsi və müdafiə hüququnun pozulması,o cümlədən inzibati orqanın nümayəndəsindən çəkindiyi və izahatda yazılanları sadəcə təsdiq edirəm deməsi məhkəmədə onun tərəfindən velosipedin oğurlanmasına dair kifayət qədər şübhə yaratmışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O cümlədən iş materialları ilə törədildiyi iddia edilən inzibati xəta nəticəsində dəymiş ziyanın məbləğinin nəyə əsasən 100 manat hesablandığını müəyyən etmək mümkün deyildir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir. Oğurlanmış əmlak olsa belə əməlin Əhmədov Elçin tərəfindən törədilməsi və onun əməli nəticəsində ziyan vurulmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar