Məhkəmə qərarları › İş №3(001)-6112/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6112/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6112/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X6 küçəsi, ev 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6344/2022 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 4687,54 manat məbləğində borc və 66,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Həmçinin icra sənədi üzrə tələbin icrasını təmin etməsi üçün borclunun ünvanına xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan olunmuş və qərar icra olunması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu icra sənədi üzrə 1500 manat məbləğində ödəniş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6344/2022 nömrəli icra sənədini icra etməkdən boyun qaçırmır, icra sənədinin icrasını təmin edəcəkdir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbkarın xeyrinə 1500 manat məbləğində ödəniş etdiyini nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsinə xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, icra sənədi üzrə borc məbləği 4687,54 manat təşkil edir. Hazırda borclu həmin borc məbləğindən 1500 manat ödəniş etmişdir. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsini və borclunun inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6344/2022 nömrəli icra sənədindən görünür ki, Şəxs cəmi 4687,54 manat məbləğində borc və 66,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddaçı "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borlcu Şəxs barəsində axtarış elan olunmuş və qərar icra olunması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-nin xeyrinə 1500(bir min beş yüz) manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6344/2022 nömrəli icra sənədi üzrə Şəxs kredit borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6344/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs ödənişləri etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə 1500(bir min beş yüz) manat məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq ödəniş etmiş və tələbkar bankın nümayəndəsi onun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar