Məhkəmə qərarları › İş №3(001)-6113/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6113/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6113/2025 19.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16 avqust 2025-ci il tarixli, EQ 29991537 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16 avqust 2025ci il tarixli, EQ 29991537 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında E.Ə.Cəfərov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 15 avqust 2025-ci il tarixdə idarə etdiyi avtomobillə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində svetoforun yaşıl işığından keçərək sağa dönərkən piyada keçidində olan piyadaya yol vermək üçün avtomobilini dayandırmış, sonra yoluna davam etmişdir. Lakin, barəsində elektron qaydada tərtib edilmiş protokol və qəbul edilmiş qərarda onun qırmızı işıqdan keçdiyi göstərilmişdir. Halbuki, o, svetoforu keçəndən sonra piyadan keçidində dayandığı üçün arxasında qalan svetoforun tələbi ona tətbiq olunmamalıdır. Sonda E.Ə.Cəfərov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş quruma məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə 05 sentyabr 2025-ci il tarixli sorğu ilə Baş X4 İdarəsinə müraciət edərək, sözügedən inzibati xətanı qeydə almış foto və video görüntülərin təqdim olunmasını tələb etsə də, qərarından şikayət verilmiş inzibati qurum həmin görüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, R.Ə.Cəfərov barəsində qəbul edilmiş 16 avqust 2025-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta hadisəsi Baş X4 İdarəsi tərəfindən foto və video görüntülərə baxış keçirilməklə yenidən araşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 16 avqust 2025-ci il tarixli, EQ 29991537 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xətanı hadisəsi üzrə foto və video görüntülərə baxış keçirilməklə təkrarən araşdırma aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar