Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6123/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 462-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 462-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İXM-in 462-ci maddəsi ilə «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, sözügedən inzibati xəta haqqında protokolda cəmiyyətin qeyd olunan maddənin hansı bəndində göstərilən inzibati xətanı törətməsi göstərilməmişdir. İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 462.2-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 462.3-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 462-ci maddəsi mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etsə də, həmin maddənin ayrı-ayrı bəndlərinə görə də inzibati məsuliyyəti göstərmişdir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilərəkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmamış və cəmiyyətin konkret olaraq hansı maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialla birlikdə məhkəməyə göndərilmişdir. Bununla da müəyyən olunmuşdur ki, səlahiyyətli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 462-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: «Global Energy Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 462-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6123/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6123/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver