Məhkəmə qərarları › İş №3(001)-616/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-616/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-616/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xaricə köçürmüş olduğu 12460,81 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 bildirmişdir ki, Şəxs 18000.00 avro məbləğində vəsaiti 15 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş,lakin 2 il müddət keçməsinə baxmayaraq, malların idxalı qismən baş tutmuş, 12460.81 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmamışdır. Ölkəyə idxal olunan malların dəyəri təxminən 5540 avro təşkil edir. Geri qalan məbləğ hesabına alınan mallar isə idxal olunmamışdır. Eyni avans kodu ilə eyni müqavilə üzrə 114384 avro vəsait köçürülmüş, sözügedən 18000 avro vəsait də həmin məbləğə daxildir. Ölkəyə idxal olunan malların bəyannamələri isə 36080 avro təşkil edir. Cəmiyyətin həmçinin 20000 Avro məbləği geri qayıtmış, təxminən 56000 avro məbləğ isə açıq qalmışdır. Bununla bağlı isə cəmiyyət tərəfindən bəyannamə təqdim edilməmişdir. Odur ki, məhkəmədən hüquqi şəxsin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs nümayəndəsi Vəkil bildirmişdir ki, inzibati xəta haqqında protokolda göstərilən ödəniş üzrə alınmış malların hamısı ölkəyə idxal olunmuşdur. Bununla bağlı da gömrük bəyannamələri var, mallar bir başa deyil, Gürcüstanda fəaliyyət göstərən şirkət “Dameda” LLC tərəfindən göndərilmişdir. Hüquqi şəxsin özü tərəfindən həmin dövrdə malların ölkəyə gətirilməsi mümkün olmamışdır. Çünki mövcud olan anbarlar həmin mallara cavab vermirdi. Bu səbəbdən mallar hissə-hissə gəlirdi. Cəmiyyət olaraq müqaviləni “X4” şirkəti ilə bağlamışlar. Malları isə Gürcüstanda olan “DAMEDA” LLC şirkəti onların ünvanına göndərmişdir. 15 dekabr 2022-ci il tarixdə köçürülmüş 18000 avro məbləğində vəsait hesabına alınan mallar 10 yanvar 2023-cü il tarixdə ölkəyə idxal olunmuşdur. 27 fevral 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 bildirmişdir ki, Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələri yoxlamış, oradakı bəyannamələrin ikisində çox cüzi məbləğlərdir. Yəni biri 3, digəri 5 avro məbləğindədir. Digər bəyannamələr 61 formalıdır. Yalnız 2 bəyannamə 40 formalıdır. Yəni, sərbəst dövriyyə üçün buraxılmış mallardır. Cəmiyyət tərəfindən 12460,81 avro məbləğ hesabına alınan mallar faktiki olaraq ölkəyə idxal olunmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 18000 avro vəsaitin 12460,81 avro məbləğində hissəsi hesabına alınan mallar idxal olunmamışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs MMC tərəfindən “X4” şirkətinin hesabına xx.xx.2013-cü il tarixli 6611/1 nömrəli müqavilə üzrə 18000 avro köçürülmüşdür. xx.xx.2013-cü il tarixli 6611/1 nömrəli müqavilədən görünür ki, “X4” şirkəti və Şəxs arasında müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, "xxxx" MMC adını Şəxs MMC olaraq dəyişdirmişdir. xx.xx.2013-cü il tarixli 6611/1 nömrəli müqaviləyə xx.xx.2018-ci il tarixli düzəlişdən görünür ki, müqavilənin müddəti başa çatdıqdan sonra Tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə beş il müddətinə uzadılır. xx.xx.2022-ci il tarixli, i4/54 nömrəli fakturadan görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şəxs tərəfindən “X4” şirkətindən ümumilikdə 92312 avro dəyərində mallar alınmışdır. xx.xx.2022-ci il tarixli 01/2022 müqaviləyə 1 saylı əlavədən görünür ki, “Dameda” LLC-dən alınmış mallara görə pul vəsaiti “X4” şirkətinin bank hesabına köçürülür. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18000 avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12460,81 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş olduğu 18000 avro vəsaitin 12460,81 avro məbləğində hissəsi hesabına alınan malları (xidməti) 2 il müddət keçməsinə baxmayaraq, ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği avro olduğundan cərimənin məbləği avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12460,81 (on iki min dörd yüz altmış avro, 81 sent) avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 2492,16 (iki min dörd yüz doxsan iki avro, 16 sent ) avro (avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar