Məhkəmə qərarları › İş №3(001)-618/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-618/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-618/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, X1, Müdafiəçi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, "xxxx" MMC-də inzibatçı vəzifəsində işləyən, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 37.000 (otuz yeddi min) manat alınaraq tələbkar X3 ödənilməlidir. İcra vərəqəsi 06 sentyabr 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədini icra etməmiş, borcu olduğu kimi qalmışdır. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq orqanlara və banklara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak və pul vəsaiti aşkar edilməmişdir. Bir neçə gün öncə borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunacağı barədə xəbərdarlıq edildikdən sonra xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) manat məbləğində pulu icra şöbəsinin depozit hesabına ödəmişdir. Həmin məbləğ borcun əsas hissəsi olmadığından tələbkar hissəhissə icranı qəbul etməmişdir. Bundan əlavə borclu Şəxs qətnamənin hissə-hissə icrasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs borcu olduğu kimi qalır. Borclunun təkrar izahatı alınmış, borcu tam şəkildə ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 37.000 (otuz yeddi min) manat alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Borcu birdəfəyə və tam şəkildə ödəmək iqtidarında olmadığından tələbkara müraciət edərək, ona bank hesab nömrəsi verməsini xahiş etmişdir ki, imkanı olduğu qədər həmin hesaba pul ödəsin. Lakin tələbkar hissə-hissə ödənişi qəbul etməmişdir. Bundan sonra məhkəməyə borcun hissəhissə ödənilməsi üçün ərizə ilə müraciət etmiş, ərizəsi təmin edilməmişdir. Daha sonra Binəqədi rayon İcra Şöbəsinə depozit hesabın bildirilməsi üçün müraciət etmişdir ki, həmin hesab nömrəsinə imkanı olduğu qədər pul ödəsin. Lakin icra şöbəsi ona depozit hesab nömrəsini verməmişdir. Buna görə də icra sənədi icrasız qalmışdır. xx.xx.2023-cü ildə müdafiəçinin köməkliyi ilə Binəqədi rayon İcra Şöbəsinin depozit hesabını öyrənmiş və həmin hesaba 1500 manat pul köçürmüşdür. İcra sənədinin icrasından yayınmır, qalan borcun hər ay 500 manat olmaqla ödənilməsini həyata keçirəcəkdir. Göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Xayal Çələbiyev yazılı etiraz təqdim edərək çıxışında bildirmişdir ki, 18 fevral 2021-ci il tarixli 2(107)-582/2021 nömrəli icra sənədi Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icraatına daxil olduqdan sonra müdafiəçisi olduğu Şəxs İcra şöbəsində olarkən borcu ödəməkdən imtina etmədiyini, lakin hal-hazırda həmin məbləği birdəfəlik ödəməyə maddi imkanının olmadığını bildirmiş və tələbkar X3 borcun hissə-hissə ödəməyi təklif etmişdir. Tələbkar Şəxs həmin borcu hissəhissə ödəmək təklifini qəbul etməmiş, borcu birdəfəlik ödəməli olduğunu söyləmişdir. Borclu Şəxs mülkiyyətində hər hansı bir əmlak, banklarda hesablarda hər hansı bir vəsaiti yoxdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi məqsədilə təqdimat ilə Bakı şəhər Binəqədi rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 2022-ci il mart ayında vermiş olduğu qərara əsasən həmin maddə üzrə 500 manat məbləğində cərimə edilmişdir. Şəxs məhkəmə qərarı icraya verildikdən sonra dəfələrlə tələbkara müraciət edərək bank hesab nömrəsini ödəniş etmək üçün istəsədə tələbkar öz bank hesabını verməmişdir. Bundan sonra Şəxs icra məmuruna yazılı qaydada dəfələrlə müraciət edərək heç olmasa Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsinin bank hesab nömrəsini ödəniş etmək məqsədilə tələb etsədə ona hesab nömrəsi verilməmiş və X1 borc məbləğinin hissə-hissə deyil birdəfəlik ödənilməsini tələb etdiyini bildirmişlər. Bu səbəbdən məhkəmə qərarının icra şöbəsinin icraatında olduğu bir ildən artıq olan bir dövrdə ödəniş edilməsi tələbkarın maneə olması səbəbindən həyata keçməmişdir. Borclu tərəfindən sonuncu dəfə tələbkara ödəniş edilməsi təklif edilsədə o bunu qəbul etməmiş, borcun ən azından yarısını ödəməli olduğu bildirilmişdir. Bu səbbədən 1500 manat məbləğində borc xx.xx.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu icra şöbəsinin bank hesabına ödənilmişdir. Borclu hər ay 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. İndiyədək ödəniş etməməsinin səbəbi tələbkar və Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsinin bank hesab nömrəsini verməməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair qərarında, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarını icra etmədikdə yenidən inzibati məsuliyyətə cəlb oluna biləcəyi şərhini vermişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə 2022-ci il mart ayında qərar verildikdən sonra qərarın üzərindən bir il keçməmiş qarşı tərəfin, tələbkarın yaratdığı maneələrə baxmayaraq xx.xx.2023-cü ildə 1.500 manat məbləğində ödəniş edilmişdir. Borclu tərəfindən məhkəmə qərarı qismən icra edildiyindən Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması ilə bağlı məhkəməyə təqdim edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkar X5 bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 37.000 (otuz yeddi min) manar alınaraq ona ödənilməlidir. Uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədini icra etməmişdir. Həqiqətəndə borclu ona hissə-hissə ödənişlə bağlı müraciət etmiş, lakin o, hissə-hissə icranı qəbul etməmişdir. Çünki, həmin pul onun mənzil puludur. İki övladı ilə birlikdə kirayədə yaşayır. Borcun hər ay 500 manat ödənilməsi şəklində icra edilməsi onun əmlak mənafelərini pozur və pozulmuş hüquqlarının bərpası müddətini uzadır. Borclu həmin borcu tam şəkildə ödəməlidir ki, o uşaqlarına ev ala bilsin. Bundan əlavə borclu Şəxs qətnamənin hissə-hissə icrasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə təmin edilməmişdir. Borclunun xx.xx.2023-cü ildə icra şöbəsinin depozit hesabına ödədiyi 1500 manat pul isə barəsində protokol tərtib ediləcəyinə görə olmuşdur. Bu yolla borclu icra sənədini guya icra edir görüntüsü yaratmaq istəmişdir. Borclu maddi imkanı olmadığını bildirsə də, üçmərtəbəli villa tipli fərdi yaşayış evində yaşayır, istifadəsində bir neçə nəqliyyat vasitələri var. Əmlak mənafelərinin pozulduğunu nəzərə alıb borclunun ciddi tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 37.000 (otuz yeddi min) manat alınaraq tələbkar X3 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(001)-479/2022 nömrəli qərardadından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası təmin edilənədək borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası təmin olunmadığı halda barəsində məcburi icra tədbirləri tətbiq olunacağına dair xəbərdarlıq edilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixli İltizamından görünür ki, o, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını xx.xx.2022-ci ilədək təmin edəcəyinə söz vermişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixli İzahatından görünür ki, o 1-2 ay ərzində borcunun 50%-ni ödəyəcəyini bildirmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-801/2022 nömrəli qərarından çıxarışdan görünür ki, borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh edilmişdir. xx.xx.2023-cü il tarixli 22195 nömrəli qəbzin surətindən görünür ki, borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası qaydasında 1500 (min beş yüz) manat ödəniş etmişdir. Tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs sözügedən icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Borclu hissə-hissə icranı təklif etsə də, tələbkar hissə-hissə icranı qəbul etmir və tələbkarın hissə-hissə icradan imtina etməsi qanuna zidd deyil. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən göründüyü kimi borclu Şəxs 37.000 (otuz yeddi min) manat alınaraq tələbkar X3 ödənilməlidir. Başqa, sözlə qətnamənin icra üsulu hissə-hissə ödəniş şəklində deyil, borcunun bununla bağlı məhkəməyə verdiyi ərizəsi isə təmin edilməmişdir. Bundan əlavə sözügedən icra sənədinin icra edilməməsinə görə borcu barəsində bir dəfə daha yüngül cərimə növündə tənbeh tədbiri tətbiq edilsə də, icra sənədinin icrasız qalması onu göstərir ki, borclu bundan lazımı nəticə çıxarmamış, daha yüngül cərimə tənbeh tədbiri öz xəbərdaredici və təsiredici məqsədinə çatmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində daha ciddi təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə müdafiə tərəfinin xx.xx.2023-cü il tarixdə borclu Şəxs icra vərəqəsinin icrası qaydasında 1500 (min beş yüz) manat ödəniş etməsinin icradan boyun qaçırmadığının göstəricisi olması barədə mövqeyini də əsaslı hesab etmir və qeyd edir ki, həmin ödəniş daha ciddi tənbeh təhdidi altında (inzibati həbsə məruz qalmamaq üçün) icra edilmişdir. Bu mənada borclunun inzibati xəta haqqında protokol tərtibi öncəsi bir günə 1500 manat ödəniş etməsi əksinə Şəki Apelyasiya Məhkəməsinin 2(107)-582/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin bugünə kimi icrasız qalmasının məhz borclu Şəxs qərəzli münasibətindən irəli gəldiyini göstərir. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrində təsbit olunmuş məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyi və icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu müddəasının pozulması ilə nəticələ bilər. Başqa sözlə, kifayət qədər yüksək məbləğdə borcu olan borclunun qətnamənin icra üsulu dəyişdirilmədiyi halda müxtəlif vaxtlarda kiçik məbləğli ödənişlər edərək, bununlada icra sənədinin icrasından boyun qaçırmadığını bildirməsi qərarın təsviri hissəsində sadalanmış məhkəmənin qəbul etdiyi qərarların icrasının məcburiliyindən bəhs edən qanunların məqsədi və təyinatına cavab vermir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşaq olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun barəsində əvvəllər sözügedən icra sənədinin icra edilməməsinə görə bir dəfə daha yüngül cərimə növündə tənbeh tədbiri tətbiq edilsə də, bundan lazımı nəticə çıxarmamış, daha yüngül cərimə tənbeh tədbiri öz xəbərdaredici və təsiredici məqsədinə çatmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar