Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-621/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş qurumun nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Şəxs MMC barəsində İXM-nin 326-cı maddəsində göstərilən inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 11:45-də Bakı şəhəri, Binəqədi rayonu, Ş.Ələkbərova küçəsində Şəxs MMC-yə məxsus, yükdaşıma yerinə yetirən “FAW” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanmasının, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilmədiyi aşkar edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş qurumun nümayəndəsi X3 izahatında göstərdi ki, Şəxs MMC sözügedən avtomobilin mülkiyyətçisi olduğundan, inzibati xəta haqqında protokol da həmin MMC barəsində tərtib edilmişdir. Protokolun əsaslı olduğunu hesab edir və məhkəmədən MMC barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş edir. Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokola yazılı etiraz ünvanlandırılmış, etirazda göstərilmişdir ki, Şəxs MMC ilə "xxxx" arasında bağlanmış 12 sentyabr 2023-cü ilt arixli, FAT-475 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyekti olan “FAW Tiger VN” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, həmçinin tərtib edilmiş protokolun surəti MMC-yə təqdim edilməmiş, bununla da, MMC öz müdafiə hüququnun qurulmasından məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin lizinqlə bağlı müddəaları nəzərə alınmaqla, lizinq obyektinə sahiblik və istifadə hüququ tam həcmdə lizinq alana, yəni "xxxx" şirkətinə keçmişdir. Şəxs MMC sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı deyildir. MMC-nin fəaliyyəti yalnız lizinq müqaviləsi üzrə lizinq verən olaraq müəyyən edilir. Lizinq alanın fəaliyyətindən asılı olmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyəti yaradan hər hansı hərəkət və ya hərəkətsizliyinə görə lizinq verən heç bir halda məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Ş.A.Zakəryayev etirazda göstərilənləri təsdiq etdiyini bildirib, MMC-nin təqsirsizliyi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata İXM-nin 53.2-ci maddəsi rəhbər tutulmaqla xitam verilməlidir. Belə ki, həmin maddənin tələblərinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli, 23/23/L saylı “lizinq obyektinin alqı-satqı müqaviləsi”ndən görünür ki, “alıcı” qismində Şəxs MMC “satıcı” qismində "xxxx" MMC-dən “Faw Tiger VN” markalı nəqliyyat vasitəsini "xxxx" MMC-yə lizinqə verilməsi məqsədilə 36920 manata əldə etmişdir (müqavilənin 1.2-ci bəndi). “Lizinq verən” qismində Şəxs MMC ilə “Lizinq alan” qismində "xxxx" MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, FAT-475 saylı “daxili lizinq müqaviləsi”nə əsasən, həmin nəqliyyat vasitəsi lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə, həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edilən zaman “Faw Tiger VN” markalı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətində olsa da, daxili lizinq müqaviləsinə əsasən, "xxxx" MMC-nin müvəqqəti sahiblik və istifadəsində olmuşdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qaydaların 3.2-ci maddəsinə uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən isə daşıyıcı dedikdə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. İXM-nin 326-cı maddəsi sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli və hüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirir. Yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq Şəxs MMC hazırki halda daşıyıcı hesab edilməyindən, onun yuxarıda göstərilən maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İXM-nin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.2ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-621/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-621/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver