Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6230/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan yol patrul xidmətinin inspektoru polis serjantı X2 iştirakı ilə, X4 Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Baki Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 3432/2025 nömrəli qərardadına əsasən X7 tərəfindən verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət verən X7 məhkəməyə müraciət edərək, barəsində İXM-in 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini, haqqında inzibati icraatın dayandırılmasını məhkəmədən xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Təqdim olunmuş inzibati xəta haqqında qərarda onun "qırmızı işıqda hərəkət etməyi" iddia olunur, amma buna dair heç bir sübut (foto və ya video material) təqdim edilməmişdir. Qanunvericiliyə görə, inzibati xətanın törədilməsi faktı obyektiv sübutlarla təsdiqlənməlidir. Sübut olmadığı halda şəxsin məsuliyyətə cəlb olunması qanunsuzdur. O, hadisə anında yaşıl işıqda hərəkət etmiş və qayda pozuntusuna yol verməmişdir. Protokolun əsassız və sübutsuz tərtib edilməsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan yol patrul xidmətinin inspektoru polis serjantı X3 şikayətin rədd edilməsini xahiş etdi və bildirdi ki, o, xidmətdə olarkən vizual müşahidəsi əsasında aşkar etmişdir ki, X1 qadağanedici işarəsi verilərkən hərəkətini dayandırmamış, əksinə davam etdirmişdir. Bilavasitə aşkar edilmiş yol hərəkəti qaydasının pozulmasına görə vətəndaşa saxla işarəsi verilmiş, yol verdiyi pozuntu barədə ona məlumat verilərək barəsində inzibati xəta haqqında protokol tərtib edərək, daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən X5 təkrarən məlumat verilsə də, o, məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər BPİnin DYPİ-yə bilavasitə tabe olan yol patrul xidmətinin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 11:43-də Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində “Hyundaı Santafe” markalı 99LG041 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edir və gəldiyi qənaətini onunla əsaslandırır ki, inzibati xətanın təsdiqlənməsi üçün qanun yalnız foto və ya video sübutların təqdim olunmasını məcburi şərt kimi nəzərdə tutmur, sübutların dairəsi genişdir və İXM-in 76-cı maddəsinə görə vəzifəli şəxsin birbaşa vizual müşahidəsi də mötəbər sübut hesab edilir. Yəni, polis əməkdaşının xidməti vəzifəsini yerinə yetirərkən aşkar etdiyi və protokolla rəsmiləşdirdiyi hüquqpozmalar etibarlı sübut kimi qəbul olunur. Bu səbəbdən, yalnız video və ya şəkil qeydlərinin olmamasına istinadla inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas yaranmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin DYPİyə bilavasitə tabe olan yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X4 Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan yol patrul xidmətinin xx.xx.2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərardan verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6230/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6230/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver