Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6235/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X2 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24154491 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24154491 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətidə olan “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində xx.xx.2024-cü il tarixində Bakı-Quba yolu 8.7 kilometrliyində 5.9 yol nişanının tələbinə riayət edilməməsinə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən EQ 24154491 nömrəli elektron protokol tərtib olunmuşdur, o, 2 bal dəyərində və 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın qeydə alınması ilə bağlı foto şəkillərə nəzər salarkən, inzibati xətanı törədən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməməsi məlum olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünməsə belə barəsində elektron protokol tərtib edilmişdir. Bu isə qeyd edilən inzibati tənbehvermə haqqında qərar üzrə icraat xitam verilməsi üçün əsasdır. Çünki Respublika ərazisində qırmızı rəngli “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi tək onun mülkiyyətidə deyildir. Hər bir nəqliyyat vasitəsinin eyniləşdirilməsi üçün onlara dövlət qeydiyyat nişanı verilir. Həmin qeydiyyat nişanını aydın görmədən inzibati xəta üzrə sübutetmə vəzifəsini yerinə yetirmək mümkün deyildir. Bu inzibati xətanı qırmızı rəngli “Chevrolet Cruze” markalı başqa bir nəqliyyat vasitəsi də törədə bilər. Məhkəmədən barəsində qəbul edilmiş EQ 24154491 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, həmçinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 24154491 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında mövcud inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş fotoşəkildə inzibati xətanın qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi əks olunsa da, həmin fotoşəkildə sözügedən avtomobilin qeydiyyat nişanı əks olunmamışdır. Bu səbəbdən, inzibati xətanın X3 tərəfindən törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bildirmişdir. İnzibati orqan xətanın mövcudluğunun fotoşəkil vasitəsi ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən fotoşəkildə həmin zolaq ilə X1nun hərəkət etməsi müəyyən edilməmişdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24154491 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24154491 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6235/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6235/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver