Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6238/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarının əsassız hesab edilməklə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində idarə etdiyi **-FC-*** dövlət nişanlı avtomobili ilə Bakı şəhəri Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən təhlüksizlik kəmərindən istifadə etdiyi halda barəsində kamera vasitəsilə elektron protokol (EQ 0********) tərtib olunmuşdur. Təqdim olunan şəkildə onun sağ qolu təhlükəsizlik kəməri ilə üst-üstə düşdüyü üçün onun kəmərdən istifadə etmədiyi təəssüratı yaranmışdır. Amma video görüntülərə baxılsa onun təhlükəsizlik kəmərindən istifadə etdiyi aşkar şəkildə görünəcək. Çox təəssüf ki, bir ay ərzində eyni halla ikinci dəfə qarşılaşır. AR İXM-in 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnmişdir. Halbuki, Asan ödəniş portalına yerləşdirilən fotoda onun təhlükəsizlik kəməri taxmadığı görünmür. Sadəcə olaraq foto bulanıq olduğu üçün elə təəssürat yaranır. Eyni kamera vasitəsilə xx.xx.2025-ci il tarixində yazılan cəriməyə xx.xx.2025-ci il tarixində Yevlax Rayon Məhkəməsinin qərarı ilə xitam verilmişdir. Bu da onu göstərir ki, bu kameradan çəkilən foto şəkillərdə texniki nasazlıq ola bilər. Çünki, o, əmindir ki, təhlükəsizlik kəmərini taxmışdır. Onun avtomobilində təhlükəsizlik kəmərini taxmadıqda xüsusi siqnalla xəbərdarlıq mexanizmi var və buna görə də onun kəməri unudaraq taxmaması kimi bir halın baş verməsi çox az ehtimaldır. 10 ildir ki, onun sürücülük vəsiqəsi kəmər istifadə etməməklə bağlı hər hansı bir cərimə yazılmayıb. Onun şəhərin mərkəzində hər tərəfdə müşahidə kameralarının olduğunu bildiyi halda kəmərdən istifadə qaydasını pozmağı ağılsızlıq olardı. Həmin ərazidə o yolun müəyyən hissələrində kameralara baxılsa kəmərdən istifadə etdiyi aydın görünəcəkdir. Amma indiki halda cəriməyə səbəb olan qayda pozuntusu aydın olmalıdır və mübahisə doğuran məqamlar olmamalıdır. Ona yazılan cərimə şübhəlidir və əgər şübhəli məqamlar varsa bu vətəndaşın xeyrinə hesablanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 19:16-da Ziya Bünyadov prospektində DİN Hospitalının yaxınlığında “Honda CİVİC” markalı **-FC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qərara əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkildən görünür ki, “Honda CİVİC” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edir və gəldiyi qənaətini onunla əsaslandırır ki, iş materiallarına əlavə olunmuş fotoşəkil xüsusi texniki vasitə ilə çəkilmişdir və məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən olunmuşdur ki, şəkil keyfiyyətlidir, bulanıqlıq yoxdur, sürücü açıq rəngdə köynək geyindiyindən təhlükəsizlik kəmərinin olub-olmaması aydın görünür. Təqdim edilən görüntüdən aydın şəkildə məlum olur ki, sürücü təhlükəsizlik kəmərini bağlamamışdır. Belə olan halda da şikayətçinin “kəməri bağladığı” barədə izahı sübutlarla təsdiqini tapmamış, əksinə, iş üzrə təqdim edilən fotoşəkil həmin iddianı təkzib etmişdir. Bu səbəbdən, işdə hər hansı şübhəli hal mövcud olmadığından İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş “şübhələrin şəxsin xeyrinə qiymətləndirilməsi” prinsipi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən xüsusi texniki vasitə ilə qeydə alınmış sübutlar əsasında sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etməsi təsdiq olunduğundan, tətbiq edilmiş inzibati tənbeh qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6238/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6238/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver