Məhkəmə qərarları › İş №3(001)-6248/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6248/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6248/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun iştirakı ilə, Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlu məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Halbuki o, “Mazda Tribyüt minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ildə saat 08:24-də Binəqədi mərkəz dairəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bunu xüsusi texniki vasitənin qeydə aldığı görüntüdən də görmək mümkündür. Avtomobilin təhlükəsizlik kəməri açıq boz rənglidir, həmin vaxt əynində də həmin rəngdə köynək olduğundan xüsusi texniki vasitə fərqi müəyyən edə bilməmiş, yanlış olaraq qayda pozuntusu qeydə almışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Mazda Tribyüt minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 08:24-də Binəqədi mərkəzi dairəsi ünvanda “Mazda Tribyüt minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Mməhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlu “Mazda Tribyüt minik” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ildə saat 08:24-də Binəqədi mərkəzi dairəsi ünvanda idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Avtomobilin təhlükəsizlik kəməri həmin vaxt Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun əynində olan köynəklə eyni rəngdə (açıq boz) olduğundan xüsusi texniki vasitə yanlış olaraq qayda pozuntusu qeydə almışdır. Belə olan halda aydın olur ki, Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlu tərəfindən sözügedən qayda pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Məmmədov Hüseyn-Xəzər Hüseyn oğlunun Baş X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı № 22802795 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar