Məhkəmə qərarları › İş №3(001)-625/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-625/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-625/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, RPŞ i/b ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Fatmai qəsəbəsi, Ş.M.Mahirov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 bildirmişdir ki, Binəqədi rayonu ərazisində xidmətdə olan bölmə əməkdaşları 20 yanvar 2025-ci il tarixdə Azadlıq Metrostansiyasının qarşısında 1 nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə edib, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları həmin şəxsin sərxoş vəziyyətdə olmalarını müəyyən etdiyindən onu saxlayıb bölməyə təhvil vermişlər. Bölmədə həmin şəxsin Şəxs olması müəyyən edilmiş və sonuncu müayinəyə aparılmış, müayinə zamanı onun psixotrop maddələrdən istifadə etməsi halı öz təsdiqini tapmışdır. Daha sonra Şəxs izahatı alınmış və sonuncu törətdiyi inzibati xətanı etiraf etmişdir. Bundan sonra tərəfindən şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək törətdiyi inzibati xətadan peşman olduğunu, bir dəfə narkotik vasitələrin istifadəçisi olduğunu, 20 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, 10 ilə yaxındır ki, X6 qeydiyyatda olduğunu və bununla bağlı müalicə aldığını, gündəlik olaraq metadon suyundan istifadə etdiyini, polislər saxlayan gün də psixotrop maddədən istifadə etdiyini, bir daha belə hallara yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur.

5. xx.xx.2025-ci il tarixli, 307 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən MET(+), MTD(+) və PGB(+) adlı maddələr aşkar edilmiş, həmçinin onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Binəqədi rayonu ərazisində psixotrop maddələrdən istifadə etməsi halı aşkar olunduğundan barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması

7. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

8. Bununla yanaşı, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, şəxs illərdir X6 qeydiyyatdadır və məhkum edildiyi hökmlə narkomaniyadan müalicə alır. Belə olan halda məhkəmə, Şəxs yenidən narkomaniyadan məcburi müəlicəyə cəlb edilməsini və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qeyd etməyi zəruri hesab etmir.

9. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

10. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar da müəyyən edilməmişdir.

12. Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

14. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

15. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

16. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

17. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

20. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

21. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilməlidir.

22. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 32, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar