Məhkəmə qərarları › İş №3(001)-6254/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6254/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6254/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis mayoru X1 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi yük avtomobili ilə Nazirlər Kabinetinin qərarına əsasən şəhərə giriş qadağan olunmasına baxmayaraq şəhərə daxil olmuşdur. YPX əməkdaşları ona yaxınlaşaraq avtomobilin duracağa təmin olunmasını bildirsələr də, Şəxs etiraz edərək avtomobili sürməkdən imtina etmişdir. Odur ki, YPX əməkdaşları hadisə yerinə PPX əməkdaşlarını dəvət etmişlər və Şəxs 4-cü polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o polisin bütün qanuni tələbinə tabe olmuşdur. Hər hansı bir tabesizlik göstərməmişdir. Belə ki, YPX əməkdaşları onu yük maşınını idarə edərkən saxlamışlar. Ona qadağan olunmuş vaxtda şəhərə daxil olması bildirilsə də, o şəhərə daxil olmadığını söyləmişdir. Lakin YPX əməkdaşları maşının duracağa getməli olduğunu bildirmişlər. O, isə bildirmişdir ki, maşının sahibinə məlumat versin, maşının sahibi ilə danışmış, ona 5 dəqiqəyə hadisə yerinə gələciyini bildirmişdir. Lakin buna baxmayaraq ona 4-cü polis şöbəsinə aparılacağı bildirilmişdir. O, isə heç bir etiraz etməmişdir, PPX əməkdaşları onu şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi yük avtomobili ilə Nazirlər Kabinetinin qərarına əsasən şəhərə giriş qadağan olunmasına baxmayaraq şəhərə daxil olmuşdur. Ona törətdiyi pozuntunun mahiyyəti izah olunmuş və avtomobilin duracağa təmin olunması zərurəti izah olunmuşdur. Lakin Şəxs avtomobilin duracağa təmin olunmasına etiraz edərək nəqliyyat vasitəsini sürməkdən imtina etmişdir. Dəfələrlə Şəxs avtomobilin duracağa təmin olunmasının zəruriliyi izah edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs etiraz edərək qanuni tələbə tabe olmamışdır. Ona görə də, hadisə yerinə PPX əməkdaşları dəvət olunmuşdur, əməkdaşlar Şəxs polis bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 000102 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq Şəxs YPX əməkdaşlarının avtomobilin duracağa təmin olunmasına dair tələbə əməl etməyərək etiraz etmişdir. Bununla da o, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahid ifadəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə dair verdiyi izahatı qeyri-səmimi verilmiş kimi izahat kimi qiymətləndirməklə işin hallarına uyğun olmayan hesab edir. Şəxs qeyd olunan məzmunda ifadə verməklə inzibati məsuliyyətdən yayınmağa çalışmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar