Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6258/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi YYMdə fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 17 oktyabr 2024-cü ildə saat 08 radələrində Biləcəri qəsəbəsində “BMW minik” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İlkin Vəliyev tərəfindən dayandırılmış, yoxlama zamanı heç bir sənəd təqdim edə bilmədiyinə görə avtomobil duracağa aparılmış, duracağa çatanda Şəxs həkim müayinəsinə getməmək üçün avtomobildən düşüb qaçmağa cəhd göstərmiş, onu saxlayan polis əməkdaşlarına əl-qol hərəkətləri ataraq nalayiq sözlər işlədib Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İlkin Vəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən 18 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 17 oktyabr 2024-cü ildə saat 08 radələrində Biləcəri qəsəbəsində “BMW minik” markalı **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən DYPŞ-in inspektoru tərəfindən dayandırılmışdır. İnspektor ona həmin nəqliyyat vasitəsini idarə edərkən manevr qaydasını pozduğunu bildirmişdir. Eyni zamanda avtomobilə dair sənədləri üzərində olmadığından təqdim edə bilməmişdir. Bu səbəbdən Binəqədi RPİ-in DYPŞ-in inspektoru avtomobilin sükanı arxasına keçərək avtomobili müvəqqəti saxlama duracağına aparmışdır. Avtomobili duracağa qoyduqdan sonra sərxoşluğunu yoxlamaq məqsədilə onu həkim müayinəsinə aparacaqlarından avtomobildən düşərək qaçmaq istəmişdir. Lakin inspektor onu saxlamışdır. Bu zaman inspektora qarşı əl-qol hərəkətləri atmışdır. Buna görə peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında göstərmişdir ki, Binəqədi RPİ-in DYPŞ-də baş inspektor vəzifəsində işləyir. 17 oktyabr 2024-cü ildə saat 08 radələrində xidmətdə olarkən Biləcəri qəsəbəsində “BMW minik” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən sürücünün manevr qaydasını pozduğunu görüb onu dayandırmışdır. Yoxlama zamanı sürücü heç bir sənəd təqdim edə bilməmişdir. Bundan əlavə avtomobilin ödənilməmiş cərimələri və sürücünün sürücülük hüquququn məhdudlaşdırıldığı bəlli olmuşdur. Sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Buna görə avtomobil duracağa aparılmışdır. Duracağa çatandan sonra Şəxs polis əməkdaşlarına əl-qol hərəkətləri ataraq nalayiq sözlər işlədib onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis kiçik serjantı X4 şahid İ.A.Vəliyevin izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru X3 və inspektor polis kiçik serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs 17 oktyabr 2024-cü ildə saat 08 radələrində Biləcəri qəsəbəsində “BMW minik” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İlkin Vəliyev tərəfindən dayandırılmış, yoxlama zamanı heç bir sənəd təqdim edə bilmədiyinə görə avtomobil duracağa aparılmış, duracağa çatanda Şəxs həkim müayinəsinə getməmək üçün avtomobildən düşüb qaçmağa cəhd göstərmiş, onu saxlayan polis əməkdaşlarına əl-qol hərəkətləri ataraq nalayiq sözlər işlədib Binəqədi RPİ-in DYPŞ-in baş inspektoru polis baş leytenantı İlkin Vəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 18 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə rəisi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6258/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6258/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver