Məhkəmə qərarları › İş №3(001)-6286/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6286/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6286/2024 01.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində ona məxsus “AUDİ Q7” minik markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu, M.Cəlal küçəsi ilə hərəkət edərkən, yol hərəkəti qaydasını pozub digər nəqliyyat vasitələri ilə toqquşaraq zəncirvari yol- nəqliyyat hadisəsi törətdiyinə və “guya” hadisə yerindən yayındığına görə barəsində Binəqədi Rayon DYPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu haqda "xxxx" ASC tərəfindən ona qarşı maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüləndə məlum olmuşdur. O, ətraflı məlumat almaq üçün, hadisə yerinin video çəkilişinin surətinin və göstərilən qərarın ona təqdim olunmasına, eləcə də, həmin qərarın ləğv olunmasına və bu haqda mənə məlumat verilməsinə göstəriş verilməsi barədə Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, polis idarəsinin 3-13-46/2-R-39685 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə eyni məzmunlu cavab verilərək “Törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməsinin müəyyən edilməməsi” bildirilmişdir. O, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolu və 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarı əldə etməklə qərarın məhkəmə qaydasında ləğvinin mübahisələndirilməsini hüquqi əsaslı hesab edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Protokolun tərtib edildiyi yer Mircəlal küçəsi göstərilsə də, hadisə xx.xx.2024-cü il saat 22:30 da baş verdiyi halda protokolun xx.xx.2024-cü il tarixdə hadisə yerində tərtib edildiyi göstərilmişdir. O, həmin hadisənin video çəkilişinin təqdim olunmasını xahiş etsə də, video çəkilişin mövcud olmadığı bildirilmişdir. Hadisə zamanı o, hadisə yerindən yayınma kimi hərəkətlərə yol verməmişdir. Belə ki, hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində onunla birlikdə həyat yoldaşı Elnarə Hüseynova həm fiziki, həm də, psixoloji zədə aldığından ilk növbədə tibbi yardım göstərilməsi üçün sonuncunun başqa nəqliyyat vasitəsilə göndərilməsi ilə, sonradan zədələnmiş nəqliyyat vasitələrinin təxliyyəsi ilə məşğul olmuşdur. Bunları hadisə yerinə gələn oğlu və bacısı uşaqları təsdiq edə bilər. O, özü stasionar qeydiyyatda olan “Şəkər diabeti” xəstəsidir. Qeyd olunanlar, yəni, həyat yoldaşının və onun aldığı fiziki və psixi xəsarətlərə görə uzun müddət aldığımız müalicələrin gedişatı ərizəyə əlavə olunmuş tibbi arayışlar və rəylərlə ifadə olunmuşdur. O, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolu və 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsində idarə etdiyi “AUDİ Q7 MİNİK” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi yerindən yayınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 .02.2024-cü il tarixli, İXP 6054245nömrəli inzibati xəta haqqında protokol əsasında İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, şikayət vermiş şəxs xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xəta ilə bağlı görüntülər qərardan şikayət vermiş X2 təqdim edilməmiş, Yaşar Rəhimovun yol-nəqliyyat hadisəsi yerindən yayınması ilə bağlı sübutlar əldə edilməmişdir. Bundan əlavə yol-nəqliyyat hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsində baş verməsinə baxmayaraq xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən prokotolun tərtib edilmə yeri Mircəlal küçəsi olaraq göstərmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, aparılmış icraat zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar