Məhkəmə qərarları › İş №3(001)-6295/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6295/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6295/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-17/2024 saylı icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü dəmiryol küçəsində yerləşən 12 saylı mənzilin özgəninkiləşdirilməsi, konstruksiya dəyişikliklərinin, təmir və söküntü işlərinin aparılması cavabdehlər Şəxs və X5 və digər şəxslərə qadağan edilmişdir. Həmin icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş borclulara təqdim edilmişdir. Həmin ünvanda olmuşlar, həqiqətən də orada təmir-tikinti işləri aparılmaqdadır. Şəxs izahatında həmin daşınmaz əmlakı satmasını bildirmişdir. Hazırda da həmin ünvanda təmir tikinti işləri sürətlə davam edir. Məhkəmə qərardadında Şəxs adı qeyd olunduğu üçün protokol sonuncu barəsində tərtib olunmuşdur. Faktiki olaraq orada tikinti işlərini Şakir Xəlilov aparır, Şakir Xəlilova tikintini dayandırması bildirilsə də, sonuncu evi aldığını, hər hansı bir öhdəliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, icra sənədində göstərilən mənzili satmışdır. Sənədə dair çıxarış da Şakirin adınadır, alqı-satqı müqaviləsi ilə notariusda satış həyata keçirilmişdir. Belə ki, o həmin evi Şakir Xəlilov adlı şəxsə satmışdır. Özü də çoxdandır, həmin ünvana getmir. Həmin evi məhkəmə qərardadı çıxarılmamış satmışdır. Özü faktiki olaraq orada hər hansı bir iş aparmır. Ona görə də onun barəsində tərtib olunmuş protokol əsassızdır. Notariat aktında göstərilən ünvan 3 ünvanı hazırki icra sənədində göstərilən ünvanla eynidir, sadəcə dəyişiklik olduğu üçün belə bir fərq yaranmışdır. Qısası, hər iki sənəddə eyni evdən söhbət gedir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü dəmiryol küçəsində yerləşən 12 saylı mənzildə onun payı vardır. Lakin Şəxs həmin evi satmasına baxmayaraq ona çatan payı verməmişdir. Hazırda həmin ünvanda tikinti işləri aparılmaqdadır, tikinti işlərini Şakir Xəlilov adlı şəxs aparır, lakin həmin Şakir adlı şəxsə ev Şəxs tərəfindən satılmışdır. O, həmin evdə olan payının ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Şəxs onun əmisidir. Həmin evi əmisi Şakir Xəlilov adlı şəxsə satmışdır. Şakir Xəlilov ona bildirmişdir ki, ona çatan pay əmisinə ödənilmişdir. Lakin Şəxs ona heç bir pul verməmişdir. Hazırda həmin yerdə tikinti işləri aparılır, tikinti işlərini aparan Şakir Xəlilovdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 17/2024 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü dəmiryol küçəsində yerləşən 12 saylı mənzilin özgəninkiləşdirilməsi, həmçinin həmin ünvanda konstruksiya dəyişikliklərinin, təmir və söküntü işlərinin aparılması cavabdehlər Şəxs və X5 və digər şəxslərə qadağan edilmişdir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-17/2024 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Məhkəmə iclası zamanı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şəxs iştirak etdiyi notariat əməliyyatlarına baxılaraq müəyyən edilmişdir ki, daşınmaz əmlakın alqı satqısı ilə bağlı olan 06 oktyabr 2023-cü il tarixli aktla ünvan 3 Yeni qaydalarla : AZ 1054, Bakı şəhəri , Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov, 1-ci döngə, 18 yerləşən daşınmaz əmlak X1. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-17/2024 saylı icra sənədində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü dəmiryol küçəsində yerləşən 12 saylı mənzilin özgəninkiləşdirilməsi, həmçinin həmin ünvanda konstruksiya dəyişikliklərinin, təmir və söküntü işlərinin aparılması cavabdehlər Şəxs və X5 və digər şəxslərə qadağan edilməsi göstərilmişdir. Lakin qeyd olunmalıdır ki, həmin daşınmaz əmlak 06 oktyabr 2023-cü il tarixdə notarial alqı satqı ilə X1. Tərəflərin izahatından isə belə qənaətə gəlmək olar ki, hazırda ünvanda təmir-tikinti işləri X9 tərəfindən aparılmaqdadır. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-17/2024 saylı icra sənədinə münasibətdə Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi iki halda yarana bilər: 1) Qərardad qəbul edildiyi andan sonra həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi 2) həmin ünvanda konstruksiya dəyişikliklərinin, təmir və söküntü işlərinin aparılması. Lakin hazırkı iş üzrə Şəxs yuxarıda sadalanan hərəkətlərin heç birinə yol verməmişdir. Belə ki, həmin daşınmaz əmlak özgəninkiləşdirilsə belə, həmin özgəninkiləşdirmə Şəxs tərəfindən məhkəmə qərardadı çıxarılmış həyata keçirilmişdir. Digər məsələ isə həmin ünvanda konstruksiya dəyişikliklərinin, təmir və söküntü işlərinin aparılması ilə bağlıdır ki, məhkəmə iclasında həm icra məmurunun, həm zərər çəkmiş şəxslərin bildirdiklərinə əsasən müəyyən olunmuşdur ki, hazırda təmir-tikinti işlərini X9 aparmaqdadır. Göründüyü kimi məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-17/2024 icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar