Məhkəmə qərarları › İş №3(001)-6310/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6310/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6310/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi polis polkovnik-leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi polis polkovnik-leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Bakı Beynəlxalq Avtovağzalı ərazisində qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün polis bölməsinə dəvət edilmişdir, lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə gəlməkdən imtina etmişdir. Buna görə də şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalı ərazisində “Şəki kafesi” adlanan obyektin arxasında dayanmışdı. Bir nəfər şəxs ona yaxınlaşaraq ondan Bərdə rayonuna gedib-getməməsini soruşmuş, o isə cavab olaraq Gəncə şəhərinə getdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq belindən tutaraq avtopatrula əyləşdirmək istəmişlər, o isə polis işçilərindən bunun səbəbini soruşmuş, polislər ona niyə adamla danışmasını irad bildirmişlər. Bundan sonra bildirmişdir ki, həmin şəxs ona sual vermiş, o da sualı cavablamışdır. O, avtopatrula əyləşmək istəməmiş, polislər onu zorla avtopatrula əyləşdirmişlər. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X1 izahatında bildirmişdir ki, Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün sonuncunu inzibati xəta haqqında protokol tərtib edilməsi üçün polis bölməsinə getməkdən ötrü avtopatrula dəvət etmişlər. Lakin Şəxs tabesizlik göstərmiş, avtopatrula əyləşməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatları əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Belə ki, o Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində “Şəki kafesi” adlı restoranın arxasında dayandığı zaman polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmiş, şahid qismində dindirilmiş polis əməkdaşları isə şəxsin qanunsuz sərnişin daşıması fəaliyyəti ilə məşğul olduğu üçün polis bölməsinə aparılması istənilən zaman polis bölməsinə getmək istəməyərək tabesizlik göstərdiyini bildirmişlər. Lakin Şəxs polis işçilərinə hər hansı tabesizlik göstərmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edilmişdir. Yəni qeyd edilən inzibati xəta hadisəsi o zaman mövcud olur ki, polisin tələbləri qanuni olmalı, şəxs həmin qanuni tələbləri qərəzli olaraq yerinə yetirməməlidir. Hazırki halda isə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn tələb qanuni olmamışdır. Belə ki, əgər Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olmuşdursa, onun barəsində İXM-nin 322.0.2-ci maddəsi ilə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə) dərhal yerində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qeyd edilən inzibati xətaya görə şəxsin tutularaq məcburi qaydada polis bölməsinə aparılması İXM-də nəzərdə tutulmamışdır. İXM-nin 88-ci maddəsində (İnzibati qaydada tutma) şəxsin barəsində hansı hallarda tutulma təqtbiq edildiyi göstərilmişdir. Lakin hazırkı halda şəxsin barəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün tutularaq məcburi qaydada polis bölməsinə aparılması və ya onun barəsində tutma tətbiq edilməsi nəzərdə tutulmamışdır. Buna səlahiyyəti olan polis əməkdaşı yerindəcə şəxs barəsində İXM-nin 322.0.2-ci maddəsi ilə protokol tərtib edə bilərdi. Qeyd edilənlərə əsasən də polis əməkdaşlarının şəxsi qanusuz taksi fəaliyyəti ilə məğul olduğu üçün barəsində protokol tərtib etmək məqsədi ilə polis bölməsinə dəvət edilmə barədə tələb qanuni deyildir. Qanuni olmayan tələblə bağlı da tabesizlik göstərilməsi inzibati xəta hadisəsi kimi nəzərdə tutulmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, tərtib edilmiş raportda İXM-nin 454-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qeyd olunmuşdur ki, həmin maddə qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə inzibati xəta tərkibi müəyyən edən normadır ki, həmin maddənin hazırki işə heç bir aidiyyəti mövcud deyildir. Şəxs qeyd olunan maddə ilə məsuliyyətə cəlb olunması barədə bölməyə dəvət olunması da işin hallarına uyğun olmamaqla yanaşı qanunsuzdur. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar