Məhkəmə qərarları › İş №3(001)-6311/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6311/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6311/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Samir Həbibovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, dərzi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş və «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 13 sentyabr 2024-cü il tarixli qərar əsasında tərtib edilmiş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında X2 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Samir Həbibov protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi ünvanında yaşayan vətəndaş X1 ərizə ilə müraciət edərək qonşu Şəxs istifadə etdikləri torpaqda övlaadları oturan zaman onları qovalayaraq oranı tərk etməsini deməsini, 3-cü qrup əlil olan oğlunun qolundan dartıb çıxarmaq istədiyini və sair xəsarət yetirməsi ilə bağlı məlumat vermişdir. Müraciətlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin faktlar üzrə əməldə cinayət tərkibi yoxdur və 13 sentyabr 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nin aidiyyəti əməkdaşı kimi ona verilmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirsiz bilərək izahatında göstərmişdir ki, o qonşusuna heç bir xəsarət yetirməmişdir. Belə ki, aralarında uzun müddətdir ki, torpaq mübahisəsi vardır. Bununla bağlı aralarında mübahisə yaransa da, o, qonşusuna xəsarət yetirməmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi peşmançılıq hiss keçirdiyini nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən onun ailəsinin istifadəsindədir. Belə ki, 02 iyul 2024-cü il tarixdə həmin ünvanda onun övladları həyətdə oturan zaman Şəxs onun uşaqlarını qovalamağa başlamış, yerdən daş götürərək onlara hücum etmişdir. Bundan sonra aralarında yaranan mübahisə zamanı Şəxs ona xəsarət yetirmiş və o yerə yıxılaraq başı əzilmişdir. Bundan sonra o, ona dəymiş xəsarətlə bağlı məhkəmə-tibb ekspertizasında müayinədən keçmiş və müvafiq ekspertiza rəyi verilmişdir. Hazırda Şəxs şikayətçidir və barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər- başın tüklü hissəsində ənsə-təpə nahiyəsinin sağ yarısının, qarının ön sol-yan divarının qançırları, sol saidin yuxarı 1/3-nin iç səthinin qançırı və qançır fonunda sıyrığı, sol saidin orta-yuxarı, sağ bazunun aşağı 1/3-nin arxa iç, sağ saidin aşağı 1/3-nin bayır səthlərinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 25 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısında torpaq mübahisəsi üstündə qonşusu X2 döydüyünə görə İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim olunmuş video-görüntüdən görünür ki, Şəxs vətəndaş X3 döyərək xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5ya zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar