Məhkəmə qərarları › İş №3(001)-6325/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6325/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6325/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin sahə rəisi, polis mayoru Pərviz İbrahimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Kristal Abşeron”da kirayə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİnin 4-cü PŞ-nin sahə rəisi,polis mayoru Pərviz İbrahimov izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorları xidmətdə olarkən “CHEVROLET” markalı maşına saxlama işarəsini vermişlər və daha sonra sürücüyə yaxınlaşıb sənədlərini istədikdə sürücü sənədlərini verməkdən yayınaraq ona verilən suallara adekvat cavablar verməmiş, sənədləri olmadığı üçün maşını duracağa aparmaq istəyəndə hərəkətə başlayan maşının qapısını açaraq qaçmış və bir neçə saat sonra həmin sürücü duracağa yaxınlaşaraq maşından yıxılıb xəsarət alması görüntüsü ilə polislərə hədə-qorxu gəlməyə başlamışdır. Bundan sonra PPXB-nin əməkdaşlarının yardımı ilə vətəndaş 4-cü PŞ-nə aparılmışdır. Şöbənin inzibati binasında vətəndaşın Şəxs olduğu məlum edilərək izahatı alınmış və İXM-in 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, bir daha belə hallara yol verməyəcəkdir. Ailənin yeganə qazanc mənbəyi olduğunu nəzərə alaraq, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Dövlət Yol polisi şöbəsinin Yol Patrul xidmətinin inspektoru, polis serjantı X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman “CHEVROLET” markalı maşına “saxla” əmri verilmiş və daha sonra sürücüyə yaxınlaşıb sənədlərini istədikdə sürücü sənədlərini verməkdən yayınaraq ona verilən suallara adekvat cavablar verməmişdir. Aşkar olunmuşdur ki, həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. ki, həmin şəxs sürücülük vəsiqəsi olmadığı üçün maşını duracağa aparmaq istəyəndə hərəkətə başlayan maşının qapısını açaraq qaçmış və bir neçə saat sonra həmin sürücü duracağa yaxınlaşaraq maşından yıxılıb xəsarət alması görüntüsü ilə polislərə hədə-qorxu gəlməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Dövlət Yol polisi şöbəsinin Yol Patrul xidmətinin inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən “CHEVROLET” markalı maşına “saxla” əmri vermişlər, lakin 4-cü xəbərdarlıqdan sonra sürcü idarə etdiyi avtomobili saxlamışdır. Sürücüyə yaxınlaşıb sənədlərini istədikdə sürücü sənədlərini verməkdən yayınaraq polisin xidməti fəaliyyətini həyata keçirməsinə mane olmuş, sənədləri olmadığı üçün maşını duracağa aparan zaman hərəkətə başlayan maşının qapısını açaraq qaçmağa çalışmışdır. Bu zaman özünü maşından atmış, özünə xəsarət yetirməyə başlamışdır. Daha sonra xəsarət yetirdiyi fotogörüntülərlə polis əməkdaşlarına hədə qorxu gəlmiş, 102 xidmətinə şər-böhtan xarakterli müraciətlər etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 022441 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video-görüntülərdən görünür ki, “CHEVROLET”” markalı maşın polisin “saxla” əmrinə tabe olmamış, avtomobil hərəkətdə olan zaman Şəxs avtomobilin qapısını açaraq özünü atmağa çalışmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahat, şahid ifadəsi ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1.-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati qaydada tutulmasını və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar