Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6330/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə, Şəxs, AZ1153, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 5, Cənubqərbində Şamaxı Şossesi, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 11846,52 (on bir min səkkiz yüz qırx altı manat, əlli iki sent) avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 11846,52 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən adıçəkilən hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş yol xərclərinə aid sənədləri, habelə "Service Acknowledgment" başlıqlı sənədi tədqiq edərək bildirilir ki, həmin sənədlər özlüyündə görülmüş işlərə dair sübut kimi qəbul edilə bilməz. Çünki müvafiq işlərin görüldüyünü iddia edən "Service Acknowledgment" başlıqlı sənəd (akt) Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olmamışdır. Bununla yanaşı, hətta həmin sənəd etibarlı qəbul edilsə belə, yenə də görüldüyü iddia olunan işin dəyəri cəmi müqavilə üzrə ödənişdən daha az məbləğ - 2880 avro edir. Belə ki, "Service Acknowledgment" başlıqlı həmin sənədə görə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə yolda müvafiq olaraq ayrılıqda 9 saat, cəmi 18 saat vaxt sərf edilmiş, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq ayrılıqda 8 saat olmaqla, xidmətə görə cəmi 24 saat vaxt sərf edilmişdir. Beləliklə, işdə olan xx.xx.2022-ci il tarixli müqavilənin sonunda "tariflər" adlanan başlığa əlavə olunmuş cədvələ əsasən, 18*60=1080; 24*75=1800; 1080+1800+2880. Ödəniş məbləğindən həmin məbləği çıxanda (11846.52 - 2880) 8966.52 avro vəsait qalır. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xətanın törədildiyi xx.xx.2025-ci il tarixi üzrə avronun məzənnəsini müəyyən etdiyi 1.9904 manatla hesabladıqda (8966.52*1.9904=17.846,9614 manat) yenə də məsuliyyət həddi olan 10000 ABŞ dollarını (17000 manat) keçdiyini müşahidə olunur. Yəni sözügedən sənədlər tərəflərindən etibarlı hesab olunmur, lakin etibarlı olsaydı belə bu hal "xxxx" MMC-nin məsuliyyətini istisna etmir. Daha sonra xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq inzibati xəta predmeti ödəniş üzrə xidmətlərin göstərilməsini Azərbaycan Respublikasının bu sahədə mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilmiş akt təsdiq edir. Lakin "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərin arasında belə bir akt aşkar edilməmişdir. Göstərilənlərin nəzərə alınması və əvvəlki yazılı münasibətlərində ifadə olunmuş mövqelərini nəzərə alaraq, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirdi ki, Husky şirkəti ilə "xxxx" MMC arasında müqavilə münasibətləri olmuş, həmin müqavilə münasibətləri çərçivəsində MMC-yə servis xidmətləri göstərilmişdir. Bununla bağlı bütün təsdiqedici sənədlər məhkəməyə təqdim olunmuşdur, həmin sənədlərdən açıq şəkildə aydın olur ki, Husy şirkəti tərəfindən xx.xx.2017-ci il tarixli VA1885900 saylı akt üzrə 4747,20 avro, xx.xx.2022-ci il tarixli VA2253895 saylı akt üzrə 6160,66 avro, həmçinin xx.xx.2023-cü il tarixli VA230224 saylı akt üzrə 5314,65 avro məbləğində xidmətlər göstərilib. Nəticədə, bütün bu xidmətlərə görə yekun ödəniş xx.xx.2023 tarixli 99-23-052 saylı hesab-faktura əsasında 11,846.52 avro məbləğində tam şəkildə həyata keçirilib. Göstərilənlərə əsasən hüquqi şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 digər nümayəndənin izahatına oxşar izahat verdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 Systems S.A. ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SCL-TAJ- 100222 nömrəli xidmət müqaviləsindən görünür ki, birinci tərəf icraçı qismində ikinci tərəfin Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən müəssisəsində quraşdırılmış və işləyən avadanlıqlar üzrə təmir və texniki xidmət xidmətlər göstərməyi, sifarişçi isə bu xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. X4 Systems S.A. ilə Şəxs arasında bağlanmış 1 saylı Əlavə Razılaşmadan görünür ki, xx.xx.2022-ci il tarixli, SCL-TAJ-100222 nömrəli xidmət müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixə qədər uzadılmışdır. X4 Systems S.A. tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 99-23-052 nömrəli invoysdan (hesab-faktura) görünür ki, Şəxsnə 2023-cü ilin mart ayında göstərilmiş xidmətlərə görə haqq 11,846.52 (4.747,2+7.099,32) avro məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs 11846,52 (on bir min səkkiz yüz qırx altı manat, əlli iki sent) avro məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə X4 Systems S.A. hesabına köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 11846,52 (on bir min səkkiz yüz qırx altı manat, əlli iki sent) avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. X4 Systems S.A. tərəfindən Şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncuya məxsus NuPET225-P100/110E100 markalı inyeksiya maşınının (seriya nömrəsi 5525235) servis xidməti onların mühəndisi tərəfindən birbaşa müəssisənin zavodunda yerinə yetirilib. Bu işlərin icrası müxtəlif illərdə və tarixlərdə tərtib olunmuş aktlarla rəsmiləşdirilib: xx.xx.2017-ci il tarixli VA1885900 saylı akt üzrə 4747,20 avro, xx.xx.2022-ci il tarixli VA2253895 saylı akt üzrə 6160,66 avro (qismən ödənilmiş), həmçinin xx.xx.2023-cü il tarixli VA230224 saylı akt üzrə 5314,65 avro məbləğində xidmətlər göstərilib. Nəticədə, bütün bu xidmətlərə görə yekun ödəniş xx.xx.2023 tarixli 99- 23-052 saylı hesab-faktura əsasında 11,846.52 avro məbləğində tam şəkildə həyata keçirilib. Azərbaycan Respublikası Mərkəzi X2 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hazırki iş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının mövqeyini əsaslı hesab etmir və qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə inzibati məsuliyyət yalnız o halda yarana bilər ki, qabaqcadan ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə mal idxalı aparılmasın, işlər görülməsin və ya xidmətlər göstərilməsin və eyni zamanda həmin vəsait xaricdən geri qaytarılmasın. Halbuki, hüquqi şəxs tərəfindən təqdim edilən sənədlər iş üzrə tamamilə əksini sübut edir. Belə ki, xx.xx.2022-ci il tarixli SCL-TAJ-100222 nömrəli xidmət müqaviləsi və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə Razılaşma ilə müqavilə münasibətləri rəsmən qüvvədə olmuş, həmin dövrdə şirkətlər arasında servis xidmətlərinin göstərilməsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuşdur. Müqavilə əsasında X4 Systems S.A. tərəfindən müxtəlif illərdə – 2017-ci il (VA1885900, 4747,20 avro), 2022-ci il (VA2253895, 6160,66 avro), 2023-cü il (VA230224, 5314,65 avro) tarixlərində avadanlıqlara xidmət işləri yerinə yetirilmiş, bu xidmətlərin göstərilməsi barədə aktlar tərtib olunmuşdur. Həmin xidmətlərin dəyəri isə yekun olaraq xx.xx.2023-cü il tarixli 99-23-052 nömrəli hesab-faktura (Proforma İnvoice) ilə müəyyən edilmiş və ödəniş xx.xx.2023-cü il tarixində 11.846,52 avro məbləğində həyata keçirilmişdir. Yəni, ödəniş xidmətlər göstərildikdən sonra, lakin müqavilə münasibətləri hələ də qüvvədə olduğu bir vaxtda edilmişdir ki, bu da heç bir şübhə doğurmur, çünki ödənişin tarixi ilə xidmətlərin göstərildiyi tarixlər arasında hüquqi və faktiki əlaqə müqavilə çərçivəsində qorunmuşdur. Nəhayət, xx.xx.2025-ci il tarixli Husky şirkətinin məktubu da təsdiq edir ki, ödəniş qarşılığında bütün xidmətlər faktiki olaraq yerinə yetirilib. Beləliklə, ödənilmiş valyuta vəsaiti əsassız qalmadığından, müqabilində xidmətlər göstərildiyindən və bu hallar rəsmi sənədlərlə təsdiq olunduğundan, 430.4-cü maddənin tətbiqi üçün tələb olunan inzibati xəta tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6330/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6330/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver