Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6338/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMCdə barmen işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorları 01 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində Binəqədi rayonunda yerləşən “DOST” mərkəzinin yaxınlığında xidmət apararkən idarə etdiyi avtomobillə yol hərəkət qaydasını pozan sürücü Şəxs saxlamış, sürücüyə qayda pozuntusunu izah etmişlər. Həmin vaxt Şəxs YPX inspektorları ilə mübahisə edərək tabesizlik göstərmiş, səs-küy salaraq müqavimət göstərməyə cəhd etmişdir. Şəxs YPX inspektorlarının qanuni tələblərinə tabe olmadığı üçün əraziyə kömək çağırılmış, sonuncu ƏÇPA-nın polis əməkdaşları tərəfindən 5-ci polis bölməsinə gətirilmişdir. Şəxs YPX inspektorlarının qanuni tələblərinə tabe olmadığı üçün barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 02 sentyabr 2025-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə Binəqədi rayonu ərazisində hərəkətdə olarkən YPX inspektorları onu saxlamış, ona avtoxuliqanlıq etdiyini, avtomobilinin duracağa qoyulacağını bildirmişlər. O, etiraz edərək manevr qaydasını pozduğunu lakin avtoxuliqanlıq etmədiyini bildirdikdə YPX inspektorları ilə aralarında mübahisə yaranmışdır. O, YPX inspektorlarına müqavimət və tabesizlik göstərməmişdir. Bun baxmayaraq YPX inspektorları həmin yerə X7 polis əməkdaşlarını çağırmışdır. O, həmin vaxt avtomobilində əyləşib telefonla çəkiliş etmək istəmiş, lakin polis əməkdaşları özlərini təqdim etmədən ona qarşı zor tətbiq edərək onu post patrul xidməti avtomobilinə əyləşdirmiş və polis bölməsinə aparmışdır. Polis bölməsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1 bildirmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə Binəqədi rayonu, “DOST” mərəzinin yaxınlığında xidmət apararkən adını sonradan bildiyi Şəxs idarə etdiyi avtomobillə yol-hərəkət qaydasını pozduğunu görüb, saxla işarəsi vermişlər. Şəxs avtomobili saxladıqdan sonra sonuncuya yaxınlaşıb, özünü təqdim etmiş, qayda pozuntusunu izah etmişdir. Həmin vaxt sürücü Şəxs etiraz edərək mübahisə etməyə başlamış, səs-küy salaraq onlara müqavimət göstərməyə cəhd göstərmişdir. Onlar Şəxs sakit olmasını bildirsələr də, sonuncu öz hərəkətlərini davam etdirmiş, qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən əraziyə kömək çağırılmış və Şəxs ƏÇPA-nın polis əməkdaşları tərəfindən 5-ci polis bölməsinə aparılmışdır. Polis bölməsində baş vermiş hadisə ilə bağlı raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid Əlahiddə X7 Patrul bölüyünün polis nəfəri, polis serjantı X3 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə xidmətdə olarkən efir vasitəsilə Binəqədi rayonu ərazisində yerləşən “DOST” mərkəzinin yaxınlığında patrul köməyinə ehtiyac olması ilə bağlı çağırış olmuşdur. Həmin çağırışla bağlı onlar qeyd edilən ünvana getmiş və orada adını sonradan bildiyi Şəxs avtomobilində əyləşib YPX inspektorları ilə mübahisə etdiyini görmüşlər. Onlar Şəxs yaxınlaşıb, avtomobildən düşməsini bildirdikdə, sonuncu mobil telefonla çəkiliş etməyə başlamış, avtomobildən düşməkdən imtina etmişdir. Onlar Şəxs intizamlı olmasını bildirsələr də sonuncu nalayiq ifadələr işlədib tabesizlik göstərmişdir. Bununla bağlı Şəxs tərəflərindən patrul avtomobili ilə Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş raport yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektorlarının və Əlahiddə X7 Patrul bölüyünün polis nəfərlərinin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Binəqədi RPİ-nin 5-ci polis bölməsinə aparılmış və raport tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, AZA 022256 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 sentyabr 2025-ci il tarixdə, saat 22:15-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 sentyabr 2025-ci il tarixdə saat 22:05-də Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “DOST” mərkəzinin yaxınlığında yerləşən Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektorlarının və Əlahiddə X7 Patrul bölüyünün polis nəfərlərinin qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 5-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6338/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6338/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver