Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6342/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vi, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 izahat verərək bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə Şəxs qardaşı avtomobil idarə etdiyi zaman qayda pozuntusu törətmiş və bunun nəticəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. tarixdə Şəxs və qardaşı polis əməkdaşlarına tabesizlik göstərmiş və nalayiq ifadələr işlətməklə polis əməkdaşlarını təhqir etmişlər. Polis əməkdaşları tərəfindən törədilmiş qayda pozuntusunun mahiyyəti izah edilmiş, lakin onlar protokolun tərtib olunmamasına etiraz edərək qanuni tələbə tabe olmamışlar. Protokolun tərtib edilməməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və sonuncunun qardaşı yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etmişlər, polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmişlər, dəfələrlə hər iki şəxsdən nizam-intizama əməl etmələri tələb edilsə də, hər iki analoji hərəkətlərini davam etdirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, istinad edilən əməl həqiqətən onun tərəfindən törədilmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis baş leytenantı X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında dislokasiya üzrə xidmət apardığı zaman 90HF357 dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydalarını pozduğunu görmüşdür. Bundan sonra həmin nəqliyyat vasitəsinin sürücüsünə saxla işarəsi vermişdir. Avtomobili yaxınlaşmış, özünü təqdim edərək sürücüdən sənədlərini tələb etmiş və qayda pozuntusunun mahiyyətini izah etmişdir. Lakin nəqliyyat vasitəsinin sürücüsü sənədləri təqdim etməkdən imtina etmişdir. Bundan sonra o bortkomputer vasitəsi ilə sürücünün X3 olduğunu müəyyən etmişdir. Sürücüyə İXM-nin 327.4cü maddəsi ilə protokol tərtib etdiyini bildirdikdə sonuncu səs-küy salaraq etiraz etmişdir. Həmçinin avtomobildə sərnişin kimi əyləşən Şəxs da əl-qol hərəkətləri etməklə səs-küy salmış, bununla kifayətlənməyərək onun ünvanına təhqiramiz ifadələr işlətmişlər. Bundan sonra isə avtomobili işə salıb hadisə yerindən uzaqlaşmağa cəhd etmişlər, daha sonra o nəqliyyat vasitəsini yenidən saxlamış və hər iki şəxs aidiyyəti üzrə polis bölməsinə gətirilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 022322 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şəxs qardaşının idarə etdiyi nəqliyyat vasitəsində sərnişin kimi hərəkət edən zaman sonuncunun qardaşı tərəfindən inzibati xəta törədilmiş, buna görə də onların avtomobilinə saxla işarəsi verilmişdir. Lakin YPX inspektoru inzibati xəta haqqında protokol tərtib edən zaman hər iki şəxs etiraz etmiş, həmçinin inspektorun ünvanına təhqiredici ifadələr işlətmişlər. Bundan sonra isə nəqliyyat vasitəsini işə salaraq hadisə yerindən getməyə çalışmışlar. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, Şəxs YPX inspektorunun ünvanına nalayiq ifadələr işlətməklə yanaşı inzibati xəta haqqında protokol tərtib edilməsinə etiraz etmiş, həmçinin nizam-intizama əməl etmək barədə tələblərə məhəl qoymamışdır. Göstərilənlərə əsasən Şəxs qeyd olunan əməli ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahid izahatı həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30-dan inzibati qaydada tutulması və daha sonra inzibati qaydada tutmadan azad edilmədən polis əməkdaşlarının müşayiəti ilə məhkəmə iclasına gətirildiyi müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli xx.xx.2024-cü il saat 09:30-dan hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6342/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6342/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver