Məhkəmə qərarları › İş №3(001)-635/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-635/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-635/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Şəxs müdafiəçisi X2 vəsatətlə müraciət edərək, hazırda baxılan işin məhkəməyə ilk daxil olan işə birləşdirilməsini və ya baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Prokurorluğunun 10 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati icraata başlanılmış və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərar ayrı-ayrılıqda beş dəfə məhkəməyə daxil olmuş, Binəqədi Rayon Məhkəməsi tərəfindən beş ayrı inzibati iş açılmış və məhkəmə iclasları təyin olunmuşdur. Binəqədi Rayon Prokurorluğunun eyni qərarı beş dəfə məhkəməyə göndərməsi və məhkəmə tərəfindən beş ayrı inzibati işin açılması, Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə ziddir, bu işlər bir icraat altında birləşdirilməli və ya ilki daxil olmuş iş istisna olmaqla digər işlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma öz əksini tapmışdır. Maddənin dispozisiyasından görünür ki, söhbət hansısa bir fəaliyyətdən gedir, əməldən getmir. Tibbi fəaliyyətlə məşğul olma davam edən bir fəaliyyətdir. Bir anın içində baş vermir. Hərəkət və ya hərəkətsizlikyə əsaslanır. Dəfələrlə təkrarlanır. Şəxs lisenziyası olmadan dəfələrlə xəstə qəbul edə bilər, fəaliyətlə məşğul ola bilər. Bütün bunlar məcmu halında qiymətləndirilməli və davam edən inzibati xəta olaraq bir işdə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 4 sentyabr 2018-ci il qərarında qeyd olunur ki, uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən davam edən inzibati xəta ilə bağlı vahid fikir formalaşmış və bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər üçün istifadə olunmasını davam edən inzibati xəta kimi qeyd etmişdir. Həmçinin qanunsuz sahibkarlıqla məşğuB olma da, misal kimi həmin qərarda öz əksini tapmışdır. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma da qanunsuz sahibkarlıqla eyni xarakter daşıyır. Hazırda məhkəmənin baxdığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin davam edən inzibati xəya olması (isenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) Konstitusiya Məhkəməsinin 4 sentyabr 2018-ci il qərarı ilə öz təsdiqini tapır. Buna görə də hesab edirik ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən eyni qərarın beş dəfə göndərilməsi və məhkəmənin də bunları ayrı icraata götürüb baxması qanunsuzdur. Məhkəmə tərəfindən sadəcə bir işə baxıla bilər. Məhkəmə, vəsatət vermiş nümayəndəni dinləyib, vəsatəti nəzərdən keçirərək hesab edir ki, Şəxs müdafiəçisi X2 tərəfindən verilmiş vəsatət təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorluğundan bir neçə inzibati material daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, qanunverciliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində olan 3(001)-635/2023 nömrəli inzibati xəta haqqında iş məhkəməyə ilk daxil olan 3(001)-632/2023 nömrəli inzibati xəta haqqında işə birləşdirilməli və bir icraatda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında toplanmış 3(001)-635/2023 nömrəli inzibati xəta haqqında iş məhkəmənin icraatında olan 3(001)- 632/2023 nömrəli inzibati xəta haqqında işə birləşdirilsin və bir icraatda baxılsın. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar