Məhkəmə qərarları › İş №3(001)-636/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-636/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-636/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi üzrə xx.xx.2025-ci il tarixində saat 11:00 radələrində 2 nəfər polis əməkdaşı tərəfindən mənzilinin qapısının döyülməsi və barəsində inzibati protokol tərtib edilməsi nəticəsində 300 manat məbləğində cərimələnmişdir. Protokol üzrə qəbul edilmiş qərar xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Lakin nə protokol, nə də qərar elektron kabinetində yerləşdirilməmişdir. Bildirir ki, mənzilini təmir etdirərkən köhnə qapını yeni qapı ilə əvəz etmiş, köhnə qapını da başqa şəxsə verdiyindən qapının yanında daşınması üçün müvəqqəti yerləşdirmişdir. Həmçinin mənzil otaqlarının da köhnə taxta qapılarını (3 ədəd) öz mərtəbəsində daşınması üçün müvəqqəti yerləşdirmişdir ki, həmin əşyaları da ehtiyacı olan şəxsə versin. Hal-hazırda daşınma mərhələsindədir. Mənzili Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi, 18 nömrəli doqquzmərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir, mənzilin nömrəsi isə 36-dır. Polis əməkdaşları mənzilini təmir edərkən çıxardığı 3 ədəd köhnə taxta və 1 ədəd dəmir qapını çöl qapının yanına qoyduğu halda, məişət tullantısı kimi qiymətləndirərək, həmin əşyaları tullantı kimi hesab etmişlər. Həmin qərarla aşağıdakı əsaslara görə razı deyil və qərarın ləğv edilməsini xahiş edir:

1. “Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Dəmir və taxta qapılar həyat fəaliyyəti nəticəsində əmələ gələn əşyalar deyildir. Həmin əşyalar təmirdən öncəki mənzilinə aid olub və hazırda da onun şəxsi əşyalarıdır. Həmin əşyaların tullantı sayılmasına polis tərəfindən heç bir izah verilməmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması halını tullantılar haqqında qanunvericiliyin pozulması hesab edərək həmin əmələ görə cərimə müəyyən edir. Lakin, həmin əşyaları blokun onun mənzilinə aid olan, ən sonuncu mərtəbə olduğundan gediş-gəlişə mane olmayan hissəsində yerləşdirmişdir. Maddənin bu mətnindən görünür ki, tullantıları zibil qabından kənar yerlərə atmaq qadağandır. Köhnə əşyalarını mənzilinin çölünə qoymuş və onların tullantı məqsədilə atılacağını nəzərdə tutmamışdır. Bu səbəbdən, ona tətbiq edilən cərimə qanuna ziddir, hesab edir ki, əməlində inzibati xəta mövcud deyildir, çünki həmin əşyaların atılması və ya tullanılması niyyəti olmayıb.

3. Azərbaycan Respublikasının Mənzil Məcəlləsmin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, dəhlizlər, texniki mərtəbələr də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər, yəni çoxmənzilli binanın ümumi əmlakı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Eləcə də, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Binada mənzil sahibi olduğundan istinad olunan maddələrə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi kimi öz mənzilinin yerləşdiyi dəhlizdən istifadə hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin hazırki işdə polis tərəfindən cərimə ilə bağlı məlumat xx.xx.2025-ci il tarixində verilməsinə baxmayaraq, həmin günü protokol tərtib olunmamışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətin dəlilərinə uyğun izahat verərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Elektron kabinetdən olan çıxarışlardan görünür ki, X2 İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq, verilmiş şikayətin təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında ləğv edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş sənədlər məhkəməyə təqdim olunmuş foto-şəkillərlə qarşılıqlı şəkildə məhkəmədə araşdırılarkən müəyyən olunmuşdur ki, vətəndaş X2 tərəfindən mənzilinin qarşısında dəhlizə yerləşdirilmiş əşyalar məişət tullantısı deyildir. Belə ki, “Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. X2 tərəfindən mənzilinin dəhlizinə yerləşdirilmiş taxta qapılar həyat fəaliyyəti nəticəsində yaşayış yerində əmələ gələn əşya və ya material hesab oluna bilməz. Belə olan halda X1 əməlində İXM-in 266.3-cü maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. İXM-in 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 266.3-cü maddəsinin tərkibi mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərar ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar