Məhkəmə qərarları › İş №3(001)-6361/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6361/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6361/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 11:07-də Z.Bünyadov prospektində ara yoldan gəlib qırıq-qırıq xəttin olduğu yerdən əsas yola daxil olmuşdur. Buna baxmayaraq kamera onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi barədə görüntüləri qeydə almış və barəsində xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarı qanunsuz hesab etdiyindən şikayətin təmin edilməsi, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarından görünür ki, “Mercedes Benz 240 minik” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X1 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bililib 100 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 11:07-də “Mercedes Benz 240 minik” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov Evrohome radar ünvanda 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda (həmin zolaqda) hərəkət etmişdir. Xüsusi texniki vasitə ilə çəkilmiş bir neçə fotoşəkildən və videofayldan görünür ki, “Mercedes Benz 240 minik” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Z.Bünyadov prospekti radar ünvanda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət edir. Bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə yolun sol hərəkət hissəsinə keçməyə imkan versə də, X2 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməyə davam edir. Doğrudur, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağındakı qırıq-qırıq nişanlama xəttinə paralel başqa nəqliyyat vasitəsinin hərəkət etdiyi görünsə də, X2 həmin nəqliyyat vasitəsinə maneə yaratmamaq üçün gözləməli, nəqliyyat vasitəsini buraxdıqdan sonra qırıq-qırıq nişanlama xəttindən yolun sol hərəkət hissəsinə keçməli idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 48-ci maddəsinin İV hissəsinə görə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti qadağan olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23808461 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar