Məhkəmə qərarları › İş №3(001)-6380/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6380/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6380/2020 23.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 25 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Bakı-Sumqayıt yolunda yerləşən Ekologiya postu yaxınlığında ekipaj yoldaşı X3 ilə xidmətdə olan zaman sonradan adını bildiyi Şəxs özünə məxsus «KİA» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəli sürdüyünü görərək idarə etdikləri avtomobillə onun arxası ilə getmişlər. Həmin zaman onlar Şəxs avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmaqla avtoxuliqanlıq etməsi müəyyən etmişlər. Bir qədər sonra onlar tərəfindən Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sonuncuya etdiyi qayda pozuntusu izah edilməklə avtomobilin duracağa yerləşdirilməli olması bildirmişdir. O, Şəxs yolda avtomobili təhlükəli idarə etməsi ilə bağlı olan çəkilişi göstərmiş, lakin sonuncu onlarla razılaşmayıb avtoxuliqanlıq etmədiyini, sadəcə olaraq bir-iki dəfə manevr qaydalarını pozduğunu bildirmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 10 radələrində idarə etdiyi “KİA” markalı **-ZA-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı- Sumqayıt yolu ilə hərəkət edən zaman Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtoxuliqanlıq etməsini deyərək sənədləri tələb etmiş və o, etiraz etmədən polis əməkdaşlarına sənədləri vermiş, lakin avtoxuliqanlıq etmədiyini bildirmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin zaman avtoxuliqanlıq etməmiş, tələsdiyi üçün bir-iki dəfə manevr etmə qaydalarını pozmuşdur. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti baş inspektoru, polis mayoru X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Bakı-Sumqayıt yolunda yerləşən Ekologiya postu yaxınlığında ekipaj yoldaşı X2 ilə xidmətdə olan zaman Şəxs özünə məxsus «KİA» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəli sürdüyünü görərək idarə etdikləri avtomobillə onun arxası ilə getmişlər. Həmin zaman onlar Şəxs avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmaqla avtoxuliqanlıq etməsi müəyyən etmişlər. Bir qədər sonra onlar tərəfindən Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sonuncuya etdiyi qayda pozuntusu izah edilməklə avtomobilin duracağa yerləşdirilməli olması bildirmiş, lakin sonuncu onlarla razılaşmayıb avtoxuliqanlıq etmədiyini demişdir. Bundan sonra Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialına əlavə edilmiş CD diskdən görünür ki, «KİA» markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolu üzrə Ekologiya postu yaxınlığında Binəqədi rayon ərazisində hərəkətdə olarkən sürəti kəskin artırmaqla qarşısına çıxan avtomobilləri sağdan və soldan ötməklə müxtəlif manevrlər edərək ictimai qaydanı və yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində idarə etdiyi «KİA» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 511.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibait həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 511.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar