Məhkəmə qərarları › İş №3(001)-6381/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6381/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6381/2020 23.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X8 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2641/2019 nömrəli, xx.xx.2019-cu il il tarixli və 2(011)-1432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borcunu tam icra etmədiyindən hazırkı günə 2790 (iki min yeddi yüz doxsan) manat aliment borcu yaranmışdır. Şəxs icra sənədinin icrası ilə əlaqədar tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 2641/2019 nömrəli, xx.xx.2019-cu il il tarixli və 2(011)-1432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borcunu tam icra etmədiyindən hazırkı günə 2790 (iki min yeddi yüz doxsan) manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə borcunu ödəyə bilməməsinə səbəb işləməməsi olmuşdur. O, işlədiyi dövrdə borcundan X5 hissə-hissə ödəniş etmişdir. Hal-hazırda işləyir və zərərçəkmiş şəxs X7 ilə razılıq əldə etmiş və aliment borcunu 2021-ci ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirimişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qərəzli boyun qaçırma yoxdur. X1 razılıq əldə etmiş və aliment borcunu 2021-ci ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2641/2019 nömrəli, xx.xx.2019-cu il il tarixli və 2(011)-1432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borcunu tam icra etmədiyindən hazırkı günə 2790 (iki min yeddi yüz doxsan) manat aliment borcu yaranmışdır. Hazırda Şəxs ilə razılıq əldə etmiş və sonuncu ona olan aliment borcunu 2021-ci ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermişdir. Ona görə də, məhkəmədən Şəxs möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2641/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-2361/18 nömrəli qətnaməsi ilə X2 xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1432/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2641/19 nömrəli qətnaməsi ilə X2 xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması Şəxs hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbi 10 (on) gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs iltizamından görünür ki, zərərçəkmiş şəxs X5 aliment borcunu 2021-ci ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermiş və aralarında razılıq əldə olunmuşdur. X2 ərizəsindən görünür ki, borclu Şəxs ona olan aliment borcunu 2021-ci ilin yanvar ayının sonunadək ödəyəcəyinə söz vermiş və aralarında razılıq əldə olunmuşdur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2641/2019 nömrəli, xx.xx.2019-cu il il tarixli və 2(011)-1432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Şəxs borcunu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs vermiş olduğu izahatında borcunu ödəməkdən boyun qaçırmadığını, həmçinin zərərçəkmiş şəxs X7 ilə razılıq əldə etdiyini qeyd etmişdir. Bundan başqa zərərçəkmiş şəxs X7 da barəsində icraat aparılan Şəxs ilə razılığa gəldiklərini bildirərək sonuncuya möhlət verilməsini xahiş etmişdir. Göstərilən hallar zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə təqdim etdikləri ərizələrlə də öz təsdiqi tapır. Ona görə də, məhkəmə Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, bütün bu hallar Şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2641/2019 nömrəli, xx.xx.2019-cu il il tarixli və 2(011)-1432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasından boyun qaçırmadığını bir daha təsdiqləyir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar