Məhkəmə qərarları › İş №3(001)-6382/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6382/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6382/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 38112 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11270.05 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs direktoru X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" MMC ilə Kanada Respublikasında yerləşən "xxxx" şirkəti arasında xx.xx.2021-ci il tarixdə 656715 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə qeyd edilən iki şirkət arasında 656716 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə vəsait “ZANADA İNTERNATİONAL” şirkəti tərəfindən invoys sənədi göndərilmişdir. “ZANADA İNTERNATİONAL” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli, 656716 nömrəli müqavilədə nəzərdə tutulmuş mallar Azərbaycan Respublikasına "xxxx" MMC-nin ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixli **********6339 nömrəli gömrük bəyannaməsi verilmişdir. Lakin xx.xx.2022-ci il tarixli **********6339 nömrəli gömrük bəyannaməsində səhvən müqavilənin tarixi və nömrəsi xx.xx.2021-ci il 656715 olaraq göstərilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə ilə əlaqədar xx.xx.2022-ci il tarixli 0649374e22 nömrəli invoys sənədi əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən 38112 ABŞ dolları məbləğində vəsait “ZANADA İNTERNATİONAL” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli **********6339 nömrəli gömrük bəyannaməsində alğı-satqı müqaviləsinin tarixi və nömrəsi səhv qeyd edildiyindən "xxxx" ASC tərəfindən Mərkəzi Banka müraciət olunaraq "xxxx" MMC tərəfindən “ZANADA İNTERNATİONAL” şirkətinin hesabına köçürülmüş 38112 ABŞ dolları məbləğində vəsaitdən, 11270.05 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların 2 il ərzində idxal olunmadığı və ya həmin məbləğin geri qaytarılmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixli köçürmə ərizəsində qeyd edilən vəsait hesabına alınmış materiallar "xxxx" MMC-nin ünvanına göndərilmişdir. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 656715 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə “ZANADA İNTERNATİONAL” şirkəti arasında dəyəri 500.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 656716 müqavilədən görünür ki, "xxxx" MMC ilə “ZANADA İNTERNATİONAL” şirkəti arasında dəyəri 500.000 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli 0649374E22 nömrəli invoys sənədindən görünür ki, “ZANADA İNTERNATİONAL” şirkəti tərəfindən "xxxx" MMC-yə alınmış mallara görə 53.595 ABŞ dolları məbləğində vəsaitin köçürülməli olduğu hesab göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********6339 nömrəli gömrük bəyannaməsindən görünür ki, ümumi invoys dəyəri 51599.65 ABŞ dolları olan mallar Azərbaycan Respublikasına göndərilmiş və gömrük bəyannaməsi verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən "xxxx" ASCdə olan hesabdan 38112 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixli 0649374E22 nömrəli invoys sənədi əsasında “ZANADA İNTERNATİONAL” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq **********6339 nömrəli gömrük bəyannaməsində 44-cü qrafada müqavilənin nömrəsinin səhv qeyd edildiyi bildirilmiş, düzəliş edilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 38112 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 11270.05 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan köçürülmüş 38112 ABŞ dolları məbləğində olan vəsaitdən 11270.05 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edilmiş, həmin mallarla bağlı gömrük bəyannaməsi verilmiş, lakin gömrük bəyannaməsində alğı-satqı müqaviləsinin tarixi və nömrəsi səhv qeyd edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 38112 ABŞ dolları məbləğində vəsaitdən 11270.05 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar “ZANADA İNTERNATİONAL” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar