Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-642/2023 13.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə QSC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-18401 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyətli olmayan şəxs tərəfindən tərtib olunduğundan bu sənəd onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin direktoru tərəfindən tərtib olunmuşdur. Məsələ ilə bağlı ilk öncə qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və Məcəllənin 548.1-ci maddəsi əks olunmamışdır. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs olduğu zaman İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində nəzərdə tutulmadığı maddələr üzrə də iş baxılması üçün hakimə göndərilir. Çünki, qeyd olunan Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli, 795 nömrəli Fərmanının 5.43-cü bəndinə müvafiq olaraq həmin Məcəllənin 548-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası baxır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 14-cü bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından İnzibati Xətalar Məcəlləsinin 548-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri, departament direktorları, idarə rəisləri, X1 Respublikası üzrə İdarəsinin rəisi baxırlar. İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət müəyyən edir və belə pozuntulara yol verən vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslər isə 6.000 manatdan 10.000 manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Göründüyü kimi, qanunvericilikdə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə işlərə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri, departament direktorları, idarə rəisləri və ya Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi tərəfindən baxılması və bu maddə üzrə inzibati xəta törətmiş vəzifəli şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi bilavasitə həmin vəzifəli şəxslərin səlahiyyətinə aid edilmişdir. Eyni zamanda qanunda o da qeyd olunmuşdur ki, sadalanan bu vəzifəli şəxslər inzibati xəta haqqında işlərə baxarkən əgər məsələnin baxılmasının onların səlahiyyətinə aid olmadığını müəyyən etdikdə (hazırki halda barəsində icraat aparılan şəxs hüquqi şəxs olduğu üçün), inzibati xəta haqqında protokolu aidiyyəti üzrə göndərməlidirlər. Yəni belə halda protokolu da bilavasitə onlar tərtib edib imzalamalı, çünki respublika Prezidentinin fərmanı ilə bu səlahiyyət yalnız həmin şəxslərə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-642/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-642/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver