Məhkəmə qərarları › İş №3(001)-6446/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6446/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6446/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, X2 müraciəti əsasında araşdırması aparılan material üzrə yaranmış zərurətlə əlaqədar olaraq Şəxs polis bölməsinə dəvət edilərkən tabesizlik göstərərək etiraz etmiş, buna baxmayaraq polis bölməsinə gətirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, Şəxs polis bölməsinə xx.xx.2024-cü il tarixdə gətirilmişdir. Onlar Şəxs Sumqayıt şəhərində yaşadığı ünvana getmiş, telefon əlaqəsi saxlamış və polis bölməsinə getməli olduğunu bildirmişlər. Lakin Şəxs tabesizlik göstərərək polis bölməsinə getməkdən imtina etmişdir. Onlar fiziki güc tətbiq edib Şəxs avtomobilə əyləşdirib, polis bölməsinə gətirmişlər. Polis bölməsində Şəxs izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində X1 ilə birlikdə Biləcəri dairəsində köməkçi yolla gedərkən qarşıda “Opel” markalı açıq-göy rəngli avtomobilin sürücüsü onların olduğu avtomobil vurmuş və yol kənarındakı beton maneəyə dəymişdir. Bundan sonra həmin avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Təxminən 3-4 dəqiqə sonra başqa bir “Opel” markalı avtomobil gəlmiş və həmin avtomobilin sürücüsü onların vəziyyəti ilə maraqlanmışdır. Həmin şəxs onlara qəza törətmiş şəxsi tanıdığını dedikdən sonra o, avtomobilin yanında qalıb gözləmiş, Xəqani isə oraya gəlmiş şəxslə birlikdə getmişdir. O, saat 02:30 radələrinə qədər hadisə yerinə qalmış, sonra oradan getmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında olarkən ona Xəqani zəng etmiş, polis bölməsində olduğunu, ona 6-cı polis bölməsinə gəlməsini demişdir. O, da taksiyə əyləşib polis bölməsinə getmişdir. Polis əməkdaşı şikayətçi şəxsdən onun da münaqişədə iştirak edib-etməməsini soruşduqda həmin şəxs onun münaqişədə iştirak etmədiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu polis bölməsinə polis əməkdaşları aparmamış, o, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. O, dostu Xəqaninin sözünə əsasən polis bölməsinə getmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabesizlik göstərmiş və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN 019101 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində polis əməkdaşlarının tələblərinə tabe olmamış və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları bölmənin rəisinə müraciət edərək, Şəxs polis bölməsinə dəvət olunarkən gəlməkdən imtina etdiyini, polis bölməsinə gətirildiyini bildirmiş həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçisi tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, 11.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı qeyd edilsə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PBnin polis sahə inspektoru, polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli Şəxs yaşadığı Sumqayıt şəhərində yerləşən ünvana getdiklərini, sonuncunu polis bölməsinə dəvət edərkən onlara tabesizlik göstərdiyini bildirmişdir. Bundan əlavə Şəxs polis əməkdaşları tərəfindən özü könüllü olaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getdiyini, heç bir polis əməkdaşına tabesizlik göstərmədiyini məhkəmə iclasında qeyd etmişdir. Qeyd edilən ziddiyyətli hallar Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsini şübhə altına alır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs dərhal məhkəmə iclas zalından azad edilməldir. . Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar