Məhkəmə qərarları › İş №3(001)-6483/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6483/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6483/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 DİN Baş Dövlət Yol Polis İdarəsi X10 Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DİN Baş Dövlət Yol Polis İdarəsi X10 Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 20:00 radələrində ünvan 1 ünvanında yerləşən X10 Xidmətinin inspektoru polis baş serjantı X2 Xəta haqqında qərar tərtib edərək ona 40 (qırx) manat cərimə yazmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, X10 Xidmətinin inspektoru polis baş serjantı X9 vəzifə səlahiyyətlərini aşmışdır və ona tərtib etdiyi inzibati qərarı əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində ona məxsus **-NM-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yolunda 4 zolaqlı yolda yolun 3-cü zolağı ilə hərəkət edərkən məhəlləyə dönmək üçün sağa dönmə işığını yandırıb və sağ zolağı, yəni avtobusa məxsus olan zolağı gözləyərək manevr qaydasını tam doğru şəkildə düzgün qaydada əməl etmişdir. Bu zaman avtobusa məxsus zolaqla yüksək sürətlə hərəkət edən Toyota Prius markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona arxadan çataraq mülkiyyətində olan Toyota Prius markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxadan vuraraq qəza törətmişdir. Yekunda haqlı olaraq heç bir yol qaydasını pozmayaraq X10 Xidmətinin inspektoru polis baş serjantı X9 ona əsassız olaraq 40 (qırx) manat məbləğində cərimə yazmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək, baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirinin olmadığını, avtobus zolağı ilə hərəkətdə olan avtomobilə yol verdiyini, lakin həmin avtomobilin onu arxadan vuraraq hadisə törətdiyini bildirmiş, barəsində qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi X10 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi X10 Xidmətinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polis İdarəsinin X10 Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 28 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X7 “Toyota Prius V(hibrid)” minik markalı, ** NM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı Quba yolu 13 km Sumqayıt istiqamətində hərəkətdə olan zaman AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoəkillərdən də şikayətçinin idarə etdiyi **-NM-*** dpvlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurulduğu açıq aşkar görünür. Belə olan halda X4 idarə etdiyi avtomobillə sağa dönmə əməliyyatını həyata keçirən zaman manevr etmə qaydalarını pozub-pozmamasını müəyyən etmək mümkün olmur. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında kifayət qədər araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisədə X1 təqsirinin olub-olmaması dəqiq müəyyən edilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 327.1-ci maddəsinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən DİN Baş Dövlət Yol Polis İdarəsinin X10 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin X10 Xidməti tərəfindən X7 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri olubolmaması kifayət qədər araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin X10 Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin X10 Xidməti tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsi X10 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar