Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6487/2024 15.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ona aid olan “Vaz 2101” minik avtomobilinə cərimə yazılmışdır. O həmin cərimədən razı deyildir. O, avtomobili ilə heç bir nişanın tələblərini pozmamışdır. Barəsində 3 inzibati xəta haqqında protokol tərtib edilmişdir, həmin inzibati xəta haqqında protokolların hər 3-də eyni yerdə, yəni “Binəqədi mərkəz” adalan yerdə inzibati xəta hadisəsinin törədilməsi ilə bağlıdır. O, nə dayanacaq nişanını pozmuş, nə də qadağa olunmuş yerdə maşınını saxlamışdır. Onun avtomobilini saxladığı yerdə heç bir qadağanedici nişan mövcud deyildir. Göstərilənlərə əsasən EQ 24495172 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahatında bildirmişdir ki, Bakı DYP-nin EQ 24495172 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır, belə ki, o, xx.xx.2024-cü il tarixində “VAZ 2101 MİNİK” markalı avtomobilini “Binəqədi mərkəz” adlanan yerdə yolun hərəkət hissəsinin kənarında saxlamışdır. Həmin ərazidə isə hər hansı qadağanedici nişan mövcud deyildir, ona görə də də hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ona məxsus nəqliyyat vasitəsini yolun kənarında ikinci cərgədə saxlamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin qanunun 52-ci maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Göründüyü kimi qanunverici tərəfindən nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilməsi müəyyən edilmişdir. Yolun hərəkət hissəsinin kənarında iki cərgədə isə yalnız yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər dayana və dura bilərlər. İnzibati tənbeh vermə haqqında qərarda mövcud olan foto şəkildən görünür ki, X1 idarə etdiyi 25BH833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən sağda bir kənarda nəqliyyat vasitələri hərəkətsiz vəziyyətdədir. Başqa, sözlə yolun hərəkət hissəsinin kənarında bir cərgədə digər avtomobillər dayanmışlar, X2 isə idarə etdiyi nəqliyyat vasitəsini həmin nəqliyyat vasitələrindən solda, yəni yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. Qeyd edilən halı, yəni nəqliyyat vasitəsini yolun kənarında ikinci cərgədə saxlamasını X2 da məhkəmə iclasında verdiyi izahatında təsdiq etmiş, sadəcə bununla bağlı yol nişanı olmadığından barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və barəsində inzibati icraat aparılan şəxsin izahatına əsasən məhkəmə hesab edir ki, X2 idarə etdiyi 25BH833 dövlət qeydiyyat nişanlı, “VAZ 2101 MİNİK” markalı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış, bununla da İXM-nin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Аzərbаycаn Rеspublikаsı İХM-nin 346.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24495172 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6487/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6487/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver