Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6489/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Binəqədi RPİ-nin 43-cü polis bölməsinin təhqiqatçısı Aqil Cəfərov tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 186-cı maddəsində "özgənin əmlakını qəsədən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə" və həmin məcəllənin 187ci maddəsində isə "özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə" cinayət məsuliyyətinin yaranması göstərilmişdir. Həmin məcəllənin 186 və 187-ci maddədlərinin qeyd hissəsində "xeyli miqdar" dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülməsi göstərilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda göstərilib. Həmin maddənin qeyd hissəsində isə "az miqdar" dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. X1 isə ona təxminən 900 (doqquz yüz) manat ziyan vurulmasını bildirməsinə əsasən əməldə cinayət tərkibi olmadığı əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsinə göndərilmişdir (İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətlə bağlı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etmə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdə isə zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği müəyyən edilməmiş və bununla bağlı heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, bu da inzibati işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Belə ki, qeyd olunan maddə üzrə inzibati işə baxılması üçün xəta nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi imperativ xarakter daşıyır. Lakin 03 iyul 2024-cü il tarixli qərarda isə sadəcə şikayətçinin ona təxminən 900 manat ziyan dəyməsi ilə bağlı vermiş olduğu izahata əsasən cinayət işinin başlanması rədd edilmişdir, daha sonra isə hər hansı bir üsulla (ekspertiza keçirməklə) vurulmuş ziyanın müəyyən edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Halbuki, İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Bundan başqa İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın sanksiyasında əməli təqsirli olaraq törətmiş şəxsin inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən işin obyektiv baxılmasının təmin edilməsi üçün vurulmuş ziyanın miqdarı dəqiq şəkildə müəyyən edilməlidir. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Bundan başqa, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş maddi zərərə dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:. 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol natamamlıqların həll edilib aradan qaldırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6489/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6489/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver