Məhkəmə qərarları › İş №3(001)-649/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-649/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-649/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Laçın rayonu, Hacıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Laçın rayonu, Hacıxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə tərtib edilmiş 21.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, iş materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə olan inzibati protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 22.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 07.06.2021-ci il tarixli qərardan görünür ki, Şəxs 200 (iki yüz) manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi barədə verilmiş icra sənədinə əsasən icraata başlanılmışdır. 07.06.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 21.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında verilmiş icra sənədini icra etmədiyinə görə barəsində İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından göründüyü kimi, Qasımov X1 RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 22.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan 25 gün müddətində icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 529.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Qasımov X1 RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 22.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə ona təyin edilmiş cərimə növündə inzibati tənbehi ödəməsi ilə bağlı xəbərdar edilməsinə baxmayaraq, ödəməmişdir. Bundan başqa, Şəxs adına həmin borcun yönəldilə biləcəyi qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 28, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar