Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-650/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Cəfərov Elnur Mirabtalıb oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən Cəfərov Elnur Mirabtalıb oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cəfərov Elnur Mirabtalıb oğlu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Halbuki, xx.xx.2025-ci ildə idarə etdiyi “Changan eado” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı olan avtonəqliyyat vasitəsini nasazlıq səbəbilə məcburi şəkildə dayandırmalı olmuşdur. Maşının sürücü sükanı, yəni sol tərəfdən olan arxa təkəri qəfil yararsız hala düşmüşdür (havası təmiz buraxmışdı). Belə olan halda nə qədər çalışsa da maşını yolun ikinci cərgəsindən səkiyə sürərək aparmaq mümkün olmamışdır. Mövcud qanunvericiliyə uyğun olaraq qəza siqnallarını yandırmış və kömək etmək məqsədilə yaxınlıqda olan təkər mağazasına getmişdir. 5-10 dəqiqədən sonra digər şəxsin köməyi ilə maşının təkərini dəyişə bilmişdir. Bununla bağlı hadisə yerindən istifadəsində olan mobil telefonu vasitəsilə fotoşəkillər çəkmişdir. Kamera görüntülərinə nəzər yetirilərsə bir daha haqlı olduğu öz təsdiqini tapar. “Yol hərəkəıi haqqında” Qanunun 55-ci maddəsinin 1-ci hissəsinə əsasən, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. AR inzibati Xətalar Məcəlləsinin 51.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cəfərov Elnur Mirabtalıb oğlu və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə Cəfərov Elnur Mirabtalıb oğlunun və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Changan SC 7169 B minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cəfərov Elnur Mirabtalıb oğlu Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Changan SC 7169 B minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində ikinci cərgədə dayanmışdır, avtomobildə sol tərəfdən olan arxa təkərdə nasazlıq yarandığı, bir nəfər şəxsin avtomobilin təkərini dəyişdirdiyi görünür. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Şikayət verən bildirir ki, o, təqsirli olaraq yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmamışdır, buna səbəb avtomobildə yaranmış texniki nasazlıq olmuşdur. Onun bu barədə bildirdikləri şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Cəfərov Elnur Mirabtalıb oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində quraşdırılmış videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin qeydə aldığı görüntülərə baxış keçirməli, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-650/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-650/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver