Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-651/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqǝtti icra edən X10 tərəfindən "xxxx" MMC-nin direktoru X6 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 08 yanvar 2025-ci il tarixli MN,1808400 saylı qərar çıxarılmışdır. DƏMX-nin Bakı şəhər İdarəsinin 08 yanvar 2025-ci il tarixli, MN 808400 saylı qərarını aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektivdir. Belə ki, vətəndaş Şahid1 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi,ev 13C-də yerləşən "xxxx" MMC-nin əməliyyatxana və anesteziologiya şöbəsində qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar olaraq X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Vətəndaş Şahid1 iddia edir ki, "xxxx" MMC-yə işə düzəlmək üçün müraciət etmiş və o, baş tibb bacısı Zərifə xanımın yanında təcrübəçi kimi işə başlamışdır. Onun bildirdiyinə görə ondan heç bir sənəd tələb edilməmiş və klinikanın ən ağır şöbələri olan əməliyyatxana və reanimasiya şöbələrində əmək haqqı almadan işləmişdir. Bildirir ki, ağır şəraitdə işləməsi onun sağlamlığında problemlər yaratmışdır. İlk öncə bildirmək istəyir ki, Şahid1 və anası Nazilə xanım bir müddət Klinikada həkim genikoloq vəzifəsində çalışan türk əsilli həkim Şeyma doktorun evində təmizlikçi kimi işləmişlər. Ara sıra klinikaya Şeyma doktorun uşaqlarını "KidsERA" adlı bağçadan götürərək həkimə yardım etmişdir. Şeyma doktor Ləmana və anasına daim yardım etmişdir. Şeyma doktor klinikanın direktoru İbrəhim doktordan Ləmanın maddi vəziyyətləri normal olmadığından ona bir iş olarsa düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Ləman Şeyma doktorun xahişi ilə baş tibb bacısı Zərifə xanımın yanına gedir. Lakin Zərifə xanım onun heç bir tibbi sahədə təhsili olmadığı üçün onun işə götürülə bilməyəcəyini Şeyma doktora və İbrahim doktora bildirir. Ləmanı klinikanın bəzi əməkdaşları Şeyma doktorun yardımçısı kimi tanıyır və həmçinin Zərifə xanım, Kahraman doktor və digərləri onu Şeyma doktora kimi tanımışlar. Bu vəziyyətdən sui-istifadə edən Şahid1 Şeyma doktor Türkiyəyə qayıtdıqdan sonra klinikada görünür və burda işləmək istəməsini Zərifə xanıma onun vasitəsilə İbrəhim doktora bildirir. Lakin ona imtina verilir. Bundan sonra Şahid1 klinikanın rəhbərliyinə qarşı özünü xalası kimi qələmə verən bir qadın tərəfindən zənglər və şantaj xarakterli zənglər gəlməyə başlayır. (Kart nömrəsi göndərilir, həmin karta 5000 manat göndərilərsə onlar barəsində şikayət etməyəcəklər və s.) Göründüyü kimi məqsədli şəkildə Şahid1 tərəfindən klinika barəsində həqiqətəuyğun olmayan məlumatlar yazaraq müvafiq orqanlara şikayət edilmişdir. Şahid1 iddia edir ki, klinikada sağlamlığını itirmişdir. Onun iddia etdiyi 8 ay uzun müddətdir. Bu adam 8 ay əmək haqqı almırsa nədən "işə" gəlməkdə davam edir. Elə həmin vaxt dərhal əmək müfəttişliyinə və digər inzibati orqanlara müraciət edib hüquqlarının tapdanmasının qarşısını ala bilərdi. Bundan başqa DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən prosesual qaydalara riayət olunmamış, yəni Azərbaycan Respublikasının İXM-nin 99.1.1-cü maddəsinə əsasən "inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə", həmin məcəllənin 99.3-cü maddəsinə əsasən "Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır” müddəaların tələbləri pozularaq inzibati icrata başlanılmışdır. Lakin başlanılmış inzibati icraata 53-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati icrata xitam verilməsi haqqında qərar qəbul olunmalı halda, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən bir tərəfli yanaşmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, və bunun nəticəsində əsassız olaraq İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş prinsipin, yəni "yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və hərəkətsizliyi törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur" tələbləri pozulmuşdur. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Vəkil bildirmişdir ki, Şahid1 iddia edir ki,’’MedERA Hospital” MMC-yə işə düzəlmək üçün müraciət etmiş və Şahid1 baş tibb bacısı Zərifə xanımın yanında təcrübəçi kimi işə başlamışdır. Şahid1 bildirdiyinə görə Şahid1 heç bir sənəd tələb edilməmiş və klinikanın ən ağır şöbələri olan əməliyyatxana və reanimasiya şöbələrində əmək haqqı almadan işləmişdir. Ağır şəraitdə işləməsi Şahid1 sağlamlığında problemlər yaratmışdır. Lakin Şahid1 və anası Nazilə xanım bir müddət klinikada həkim ginekoloq vəzifəsində çalışan türk əsilli həkim Şeyma doktorun evində təmizlikçi kimi işləmişlər. Ara sıra klinikaya Şeyma doktorun uşaqlarını “KidsERA” adlı bağçadan götürərək həkimə yardım etmişdir. Şeyma doktor Ləmana və anasına daim yardım etmişdir. Şeyma doktor klinikanın direktoru İbrəhim doktordan Ləmanın maddi vəziyyətləri normal olmadığından bir iş olarsa düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Ləman Şeyma doktorun xahişi ilə tibb bacısı Zərifə xanımın yanına gedir. Lakin, Zərifə xanım Şahid1 heç bir tibbi sahədə təhsili olmadığı üçün işə götürülə bilməyəcəyini Şeyma doktora və İbrəhim doktora bildirir. Ləmanı klinikanın bəzi əməkdaşları Şeyma doktorun yardımçısı kimi tanıyır və həmçinin Zərifə xanım, Kahraman doktor və digərləri Şahid1 Şeyma doktora kimi tanımışlar. Bu vəziyyətdən sui-istifadə edən Şahid1 Şeyma doktor Türkiyəyə qayıtdıqdan sonra klinikada görünür və burda işləmək istəməsini Zərifə xanıma və sonuncunun vasitəsilə İbrəhim doktora bildirir. Lakin, Şahid1 imtina verilir. Göründüyü kimi məqsədli şəkildə Şahid1 tərəfindən klinika barəsində həqiqətə uyğun olmayan məlumatlar yazaraq müvafiq orqanlara şikayət edilmişdir. Şahid1 iddia edir ki, klinikada sağlamlığını itirmişdir. Şahid1 iddia etdiyi 8 ay uzun müddətdir. Bu adam 8 ay əmək haqqı almırsa nədən “işə” gəlməkdə davam edir. Elə həmin vaxt dərhal əmək müfəttişliyinə və digər inzibati orqanlara müraciət edib hüquqlarının tapdanmasının qarşısını ala bilərdi. Həmçinin xanım iddia edir ki, guya saat 9:00-dan axşam 18:00-dək işləyib və daimi işdə olmuşdur. Nə klinikada, nə də onu tanıyanlar şəxsi saat 9:00-dan axşam 18:00-dək işdə görməmişdilər. Şahid1 daima irad tutulmuşdur ki, hər zaman əlində telefonla oynamış işlə də məşğul olmamışdır. Bir müddət sonra Şahid1 qohumu onlara mesajlar yazaraq Ləmanın kilinikada işlədiyini, lakin maaşı verilmədiyini, 8 ay öz cibindən yol pulu verdiyini bildirərək onlara kart nömrəsi atıb karta 5000 manat göndərilməsini tələb etmişdir. Həmin 5000 manatın içərisində Ləmanın maaşı, yol pulu və iş vaxtı stres keçirib, müalicə olunması daxildir. Həmin mesajlar da hal-hazırda qalmaqdadır. Həmin şəxs eyni zamanda bildirmişdir ki, əgər istədikləri 5000 manat karta otursa, şikayət etməyəcəklər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat blokunda Şahid1 əməliyyatda iştirak etməmişdir. Sadəcə olaraq, digər işləri həyata keçirmişdir. Yəni, yığılmış zibilləri atmışdır. Tibb bacısı olmadığı üçün Şahid1 əməliyyatda iştirak edə bilməz. Şəxs 9-dan 6ya kimi işləməyib. Gəlib, 1 saat işləmişdir. Həm də Şahid1 təkid ediblər ki, öyrən, lakin, sonuncu bunu etməmişdir. Şahid1 özündə psixoloji problemlər olmuşdur. Şahid1 ora gələrək bəzi xidmətləri öyrənirdi. Yəni, xəstəyə qulluq var idi, onları həyata keçirməyi öyrənirdi. Reanimasiyada isə Ləman heç bir hərəkət etməyib və orada olmamışdır. Bu hadisələr 2023-cü ilin noyabr-dekabr aylarında olmuşdur. Yanvar ayından isə artıq Şahid1 ara-sıra gəlirdi və bildirirdi ki, işə götürülsün. Lakin, Ləman noyabr-dekabr aylarında özünü doğrultmamışdır. Ləman dekabr ayından sonra klinikada ümumiyyətlə işləməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 bildirmişdir ki, X8 Xidmətinin hüquq idarəsi olaraq sözü gedən iş üzrə şikayətlə razı deyildir. Belə ki, sözügedən iş sırf Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən prokurorluq tərəfindən icraata başlanılmışdır. Lakin, həmin məsələyə hüquqi qiymət verilməsi ilə əlaqədar olaraq X8 Xidmətinə göndərilmişdir. Sözü gedən şəxs Şahid1 məhkəmədə bir başa iştirakının təmin edilməsini xahiş edir. Həmçinin, həmin xəstəxanada onunla eyni vaxtda işləmiş şəxslərində məhkəmə iclasına dəvət edilməsini xahiş edir. Çünki klinikanın əməliyyat blokuna səlahiyyəti olmayan şəxs buraxıla bilməz. Lakin, Şahid1 ora necə buraxılıb və işləmişdir. Bu suallara aydınlıq gətirilməsi üçün həmin şəxslərin iştirakını təmin edilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, bir gün belə işçi ilə əmək müqaviləsi bağlamadan işçinin əmək fəaliyyətinə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması hesab olunur. Şahid1 həm izahatında, həm də şikayətində də bildirmişdir ki, 8 ay müddətində Reanimasiya şöbəsində işlərə cəlb edilmiş və heç bir əmək haqqı ödənilməmiş, iş saatı 7 saat təşkil etmişdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid1 bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayının 29-da İbrəhim Əliyev ilə danışmış və onu stajor olaraq işə götürmüşlər. Razılaşmaları belə olmuşdur ki, o, 2 ay stajor olaraq işləyəcək və daha sonra onu işə götürəcəklər. 3 aydan sonra hər ayın axırı ona bir bəhanə gətirib, işə qəbul etməmişlər. 8 ay, yəni 2024-cü il, iyun ayının 6-na kimi orada işləmişdir. O, 4 ay əməliyyatxanada olmuş, 4 ay isə reanimasiyada olmuşdur. Onu həmin klinikaya anasının tanışı olan və həmin klinikada ginekoloq kimi fəaliyyət göstərən Şeyma xanım yönləndirmişdir. O, əvvəllər tibb bacısı olaraq aptekdə işlədiyindən onu ilk olaraq reanimasiyaya yönləndirmişlər. O, reanimasiyada dərmanları həkimlər necə yazmışdısa, o cür də yerinə yetirimişdir. Həmçinin Zərifə xanım da ona başa saldıqlarını icra etmişdir. Oradan işdən çıxandan sonra xəstələnmiş və hal-hazırda fikirlərini normal ifadə edə bilmir. O, həmişə saat 09:30dan 18:30-dək klinikada olmuş və işləmişdir. Reanimasiyada isə Zərifə xanıma kömək etmişdir. Zərifə xanım ona nə iş tapşırmışdırsa onu icra etmişdir. Məsələn aptekdən gələn dərmanları yerinə yığmış, xəstələrə yemək vermək lazım olduqca onlara yeməklərini vermiş, iynə vurmaq lazım olduqda iynə vurmuş, əməliyyatxanada xəstələrin təzyiqini ölçmüşdür. Aida onun doğma xalasıdır, o sadəcə öz haqqını tələb etmiş, həqiqətən 8 ay orada işləmişdir. Xalası tərəfindən göndərilən smslərlə bağlı isə heç nə deyə bilməz. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Şahid1 həmin klinikada təxminən 2023-cü ilin sonları 2024-cü ilin əvvəllərində görmüşdür. Ən son hansı ayda gördüyünü dəqiq xatırlamır. Ləmanı təxminən 3 və ya 4 dəfə görmüşdür. O, Ləmanın təcrübəçi olduğunu bilirdi. Şahid1 həmin klinikaya klinikada ginekoloq işləyən Şeyma xanımın tapşırığına əsasən gəlmişdir. O, özü isə 2019-cu ildən stasionar reanimasiya şöbəsində işləmişdir. Ləman xanımı orada gördüyü müddətdə də özünə də bildirmişdir ki, bu işə yarasızdır, yəni işi bacarmır. O, Ləmanı 8 ay orada görməmişdir, hətta Ləmanın davamiyyəti belə tam olmamışdır. Ümumiyyətlə, təcrübəçilərə orada əmək haqqı verilmir. Şahid1 2023-cü ilin sonları və ya 2024-cü ilin əvvəllərində klinikaya götürüləndən sonra cəmi 3 və ya 4 dəfə görmüşdür. O, Ləmana hər hansı bir tapşırıq verməmişdir. Şahid1 həmişə bildirirdi ki, qorxur və ya xəstədən diksinir, xəstəyə yaxın dura bilməz və s. belə şeylər bildirirdi. Həmçinin o, Ləmanın sərbəst olaraq damara iynə vurduğunu görməmişdir. Ləman Məmmədəova 2023-cü ilin sonlarında klinikada təcrübəçi kimi olmuş, lakin verilən tapşırıqların da öhdəsindən gələ bilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Şahid1 barədə onlara işlədiyi klinikanın rəhbəri İbrəhim Əliyev məlumat vermişdir. Qeyd etmişdir ki, Şahid1 Şeyma xanım məsləhət görmüşdür. Şeyma xanım onların klinikasında ginekoloq kimi işləmişdir. İbrəhim Əliyev ona Şahid1 öyrətməyin lazım olduğunu demişdir. Onunla əlaqə saxlayıb bildirmişdir ki, Şeyma xanım xahiş edib və Şahid1 işə baxıb öyrənməyə çalışacaqdır. Şahid1 öz istəyinə əsasən klinikaya gəlib gedirdi. Həmin vaxtlar təxminən 2023-cü ilin sonları idi. Şahid1 klinikada praktika keçmiş, bir neçə dəfə gəlmişdir. Lakin, bacarığı olmamışdır. Klinikada təcrübəçilərə əmək haqqı verilmirdi. Həmçinin Şahid1 mütəmadi olaraq klinikaya gəlmirdi. Yəni, aradabir gəlirdi və bir neçə saat sonra isə çıxıb gedirdi. Şahid1 fəaliyyəti qıraqdan baxıb izləmək olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Şahid1 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 13C-də yerləşən "xxxx" MMC-nin əməliyyatxana və anesteziologiya şöbəsində qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə getirilməsinə cəlb edildiyinə görə X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli “Elektron prokurorluq informasiya sisteminə baxış keçirilməsi barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şahid1 ilə "xxxx" MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud olmamışdır. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin nümayəndəsinin, səlahiyyətli orqanın nümayəndəsinin, həmçinin şahidlərin izahatlarını dinləyib hesab edir ki, X3 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahid1 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-nin əməliyyatxana və anesteziologiya şöbəsində işlərin yerinə getirilməsinə cəlb edildiyinə görə X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırki inzibati xəta haqqında iş üzrə müəyyən edilir ki, Şahid1 ilə "xxxx" MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud olmamışdır. Lakin Şahid1 "xxxx" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şahid1 həmin cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi şahidlərin və şikayət vermiş şəxsin nümayəndəsinin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, Şahid1 bildirmişdir ki, “o, xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işləmiş, iş saatları saat 09:30-dan 18:30-dək olmuşdur. Həkimlərin göstərişlərini yerinə yetirmiş, aptekdən gələn dərmanları müvafiq yerlərə yığmış, xəstələrə yemək vermiş, xəstələrin damarına iynə vurmuşdur.” Bundan başqa Şahid3 ifadəsində göstərmişdir ki, “2023-cü ilin sonlarındə Şahid1 klinikada praktika keçmiş, lakin klinikada təcrübəçilərə əmək haqqı verilmirdi.” Bununla yanaşı Şahid2 da ifadəsində göstərmişdir ki, “Ləman Məmmədəova 2023cü ilin sonlarında klinikada təcrübəçi kimi olmuş, lakin verilən tapşırıqlarında öhdəsindən gələ bilməmişdir.” Həmçinin şikayət vermiş şəxsin nümayəndəsi də Şahid1 klinikada işlərin yerinə yetirilməsinə cəlb edilməsini təkzib etməmişdir. Belə ki, o ifadəsində göstərmişdir ki, “Şahid1 daima irad tutulmuş, çünki sonuncu hər zaman əlində telefonla oynamış, işlə məşğul olmamışdır. Şahid1 əməliyyatda iştirak etməmişdir. Sadəcə olaraq, digər işləri həyata keçirmişdir. Yəni, yığılmış zibilləri atmışdır. Tibb bacısı olmadığı üçün Şahid1 əməliyyatda iştirak edə bilməz. Şahid1 ora gələrək bəzi xidmətləri öyrənirdi. Yəni, xəstəyə qulluq var idi, onları həyata keçirməyi öyrənirdi. Reanimasiyada isə Ləman heç bir hərəkət etməyib və orada olmamışdır. Bu hadisələr 2023-cü ilin noyabr-dekabr aylarında olmuşdur. Ləman dekabr ayından sonra klinikada ümumiyyətlə işləməmişdir.” Göründüyü kimi, şahidlərin və nümayəndənin izahatlarını ümumiləşdirməklə belə nəticəyə gəlmək mümkündür ki, Şahid1 Medera Hospital” MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, şikayət vermiş şəxsin nümayəndəsi izahatında onun digər işlərlə məğul olmasını, yəni zibilləri yığmasını, xəstəyə qulluq göstərməsini təsdiq etmişdir. Həmçinin Şahid2 təcrübəçi kimi Şahid1 tapşırıqların öhdəsindən gələ bilmədiyini, Şahid3 Şahid1 praktika keçdiyini, lakin praktikantlara əmək haqqı ödənilmədiyini söyləmişdir. Nəzərə alınmalıdır ki, işlərə cəlb edilməyən şəxsə telefonla məşğul olmağa görə irad tutulması yaxud tapşırıq verilməsi və tapşırığın öhdəsindən gəlib-gələ bilməyəcəyinin müşahidə edilməsi inandırıcı deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan əmək qanunvericiliyində hər hansı bir şəxsin təcrübəçi kimi işlərə cəlb edilməsi və bunun müqavilində sonuncuya əmək haqqı ödənilməməsini nəzərdə tutan müddəa nəzərdə tutulmamışdır. Qanunverici işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə əmək müqaviləsinin sınaq müddəti müəyyən edilməklə bağlanmasını müəyyən etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Şahid1 “təcrübəçi adı altında” Medera Hospital” MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, lakin sonuncunun bacarıqları yetərli hesab edilmədiyi üçün daha sonra onunla əmək müqaviləsi bağlanmamışdır. Bu hal isə özlüyündə əmək müqaviləsinin bağlanmasını istisna edən hal deyildir və əməldə İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş X3 barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması, şikayətin isə əsassız olması qənaətinə gəlinmişdir. Bununla da, şikayətin təmin edilməsi və qeyd edilən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Bundan başqa şikayətdə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olmadığı halda icraatın başlanılması göstərilmişdir. Nəzərə alınmalıdır ki, Şahid1 dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ərizə ilə müraciət edərək hüquqlarının pozulması barədə məlumat vermişdir. İXM-nin 99.1.3-cü maddəsində fiziki şəxslər tərəfindən təqdim edilən məlumatların inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olduğu konkret olaraq göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-651/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-651/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver