Məhkəmə qərarları › İş №3(001)-6535/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6535/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6535/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İsmayıllı rayonu, Qaraqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İsmayıllı rayonu, Qaraqaya kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Mercedes” markalı, 01BZ408 dövlət qeydiyyat nişanlı avtomobil tanışına məxsusdur və həmin avtomobili etibarnamə üzrə B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 09 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində qarşıda yolun sola dönmək üçün nəzərdə tutulan hissəsinə doğru yaxınlaşmışdır. Avtomobili həmin döngəyə sürüb digər hərəkət hissəsinə doğru manevr etmək istəmişdir. Bu zaman o, sağ istiqamətdən gələn avtomobillərə baxmışdır. Yolun boş olduğunu və o, olan hissədən dönüb hərəkətini davam etdirə biləcəyini zənn etmişdir. Bu zaman əsas yolda öz hərəkət hissəsində düz istiqamətdə gələn tanımadığı adamın idarə etdiyi motosikletlə toqquşmuşdur. Avtomobilinin ön sağ hissəsi həmin motoskletin sol yan hissəsinə dəymişdir. Həmin motoskletin gəlməyini o, görə bilməmişdir. Ancaq toqquşan zaman hiss etmişdir ki, qəza baş vermişdir. Dəymiş olan zərbədən motoskletin sürücüsü yerə yıxılmışdır. Dərhal avtomobilini saxlayaraq aşağı düşmüşdür. Həmin motosklet sürücüsünə yaxınlaşmışdır. Həmin şəxsə köməklik etmiş, bir müddət sonra hadisə yerinə polis əməkdaşı gəlmişdir. Zərər çəkmiş şəxslə barışmış, həmçinin vurulmuş ziyanı da ödəmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, 1359 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2024-ci il tarixli, 2/36314 saylı aktdan görünür ki, "Mercedes" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması barədə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, Şəxs fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 09 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində "Mercedes" markalı, 01-BZ- 408 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə baş verə biləcək yol nəqliyyat hadisəsini qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək, manevr etmə qaydasını pozaraq, idarə etdiyi avtomobilin qabaq ön sağ tərəfi ilə yolun hərəkət hissəsində öz hərəkət zolağında düz istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə ediyi motosikletin sol yan hissəsi tərəfi ilə toqquşmuşdur. Məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, baş vermiş YNH zamanı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz etirafedici izahatı, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar