Məhkəmə qərarları › İş №3(001)-655/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-655/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-655/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs Firmasının vəkili Vəkil, Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253-1.2.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Firması İXM-nin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən Şəxs Firması tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi və ya qərarı olmadan yaşıllıqların (24 ədəd sərv ağacı) köçürülməsi müəyyən edilmişdir. Bununla da, Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 09.02.2022-ci il tarixdə Şəxs Firması barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən 09.02.2022-ci il tarixdə tərtib olunmuş Şəxs Firması barəsində MN ******* saylı inzibati protokol qanunsuz və əsassızdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, Şəxs Firmasının direktoru hüquqşünas deyil və onun tərəfindən 08.02.2022-ci il tarixdə yazılmış məktub əsasında inzibati orqan tərəfindən protokol tərtib edilmişdir. İnzibati orqanın əməkdaşlartı tərəfindən heç bir araşdırma aparılmamışdır. Həmçinin o bildirmişdir ki, Şəxs Firması tərəfindən heç bir yaşıllığın yeri dəyişdirilməmişdir. Məhkəməyə müvafiq sübutları təqdim edərək inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İXM-in inzibati xəta 253-1.2.2-ci maddəsinə görə yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta ahqqında protokol tərtib edilmiş hüquqi şəxsin vəkilini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında vəkil tərəfindən təqdim edilən sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialalrına vəkil tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin 18 sentyabr 2020-ci il tarixli ER-22/343 nömrəli rəyindən görünür ki, Şəxs Firmasının sifarişçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının tikintisi üçün ekoloji ekspertiza rəyi verilmişdir. Həmin rəyin 1-ci, yəni Layihə ərazisi barədə məlumat bölməsinin 3-cü abzasında qeyd edilmişdir ki, “Tikinti üçün nəzərdə tutulmuş 0,30 ha olan ərazi sahənin perimetr boyu daş hasarla əhatələnmiş, ərazidə sökülməsi nəzərdə tutulan 1 mərtəbəli qeyriyaşayış təyinatlı tikililər mövcuddur və tikinti sahəsi yaşıllıqlardan azaddır. Yaşıllaşdırma və abadlaşdırma üçün ayrılmış 0,23 ha ərazi ayrılmış ərazinin cənub-qərb və cənub-şərq hissələrini əhatə etməklə mövcud sahəyə bitişikdir. Sözügedən ərazi “Dərnəgül” metrostansiyasının tikintisi müddətində qismən abadlaşdırılmışdır və yaşıllaşdırılmışdır. Sahədə seyrək halda bitmiş həmişəyaşıl cinsinə aid yaşıllıqlar mövcuddur. Şəxs firması tərəfindən təqdim edilmiş məlumata əsasən (layihəyə) ərazinin seyrək yaşıllıq olan hissələrində 90 ədəd şam, 235 ədəd küknar, 15 ədəd xan çınarı ağacları, dekorativ kollar və gül bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.” Həmin rəyin 2-ci, yəni Layihə barədə ümumi məlumatlar bölməsində qeyd edilmişdir ki, “Şəhərsalma Əsalandırması işlənilən ərazi şimaldan S.S.Axundov küçəsi, şərqdən, qətbdən və cənubdan boş torpaq sahələri əhatə olunmuşdur. Ərazinin şərq tərəfində təxminən 200 m məsafədə metronun “Dərnəgül” stansiyası yerləşir. Lyihəyə əsasən 0,974 ha sahənin Şəhərsalma Əsaslandırılması hazırlanmış və şəhərsalma normalarına dair tələblərin ödənildiyi müəyyənləşdirilmişdir. Layihə sənədlərinə əsasən ayrılmış 0,53 ha ərazinin 1951.7 kv.metr hissəsində tikinti digər hissələrində isə abadlaşdırma işləri yerinə yetiriləcəkdir. Yaşıllaşdırma işləri Bakı şəhər İcra Hakimiyyəti başçısının 2019-cu il 14 oktyabr tarixli 325 nömrəli Sərəncamına əsasən 0,23 ha olan ərazidə yerinə yetiriləcəkdir.” Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Şəxs Firmasına layihə üzrə ayrılmış ərazidə ümumiyyətlə 24 ədəd yaş-kök üstə olan (d=6-16 sm) sərv ağacları olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, izahatlar alınmamış, fotoşəkillərdəki ağacların əvvəllər başqa ərazidə mövcud olub-olmadığı araşdırılmamış, həmçinin buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız Şəxs Firması barəsində həyata keçirilmiş yoxlama aktı və fotoşəkil əsas götürülərək əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Firmasın barəsində tərtib olunan protokol əsassızdır və Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Firması barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar