Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-656/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, idman aləmində tanınmış simalardan biridir. 4 qat Avropa çempionu (uşusan üzrə), ikiqat İslam oyunlarının mükafatçısı, ikiqat dünya çempionudur.Azərbaycan idmanının inkişafı naminə həmişə çalışmış və çalışır. Dəfələrlə ölkə başçısı tərfindən təltif olunmuşdur. Hal-hazırda, gənclərin beynəlxalq arenalarda Azərbaycan bayrağını qaldırması üçün gücünü əsirgəmir. Bunların hamısını göstərməkdə məqsədi loğvalanmaq deyil, sadəcə nailiyyətlərini nəzərə alaraq, onun məsələsinə güzəşt edib yazdığı ərizəyə daha dəqiq qərəzsiz baxılmasını xahiş etməkdir. İşin detalları isə bunlardan ibarətdir: 31 dekabr 2020 tarixdə onun mobil telefonuna təxminən 10:15 radələrində polisdən bildiriş gəlmişdir ki, onu Bakı şəhəri Binəqədi rayon 43-cü polis bölməsinə çağırırlar. Bölmədə ona bildirdilər ki, (Zaur adında polis əməkdaşı), onun məşq keçdiyi idman zalında idmançı Səlimov Yusifin mobil telefonu naməlum şəraitdə itmişdir. O, dərhal öz araşdırmalarına başlamış, sorğular aparmışdır. Lakin heç bir nəticə çıxmamışdır. Müəyyən müddətdən sonra (həmin gün) ona polisdən yenə zəng gəlmişdir ki, artıq Səlimov Yusifin telefonu tapılıb. O, bu xəbərə çox sevinmişdir. Buna görə də, Yusifi təbrik etmişdir. Lakin onun bu sevinci çox çəkməmişdir.Belə ki, 43-cü polis bölməsinin əməkdaşı Zaur Oruvov ona zəng edərək bölməyə yaxınlaşmalı olduğunu bildirmişdir. 31 dekabr bayram günü idi və bu günü bütün azərbaycanlılar təmtəraqlı qeyd edir. Həmin gün həm də istirahət günü idi və o, Konstitutsiyanın 37-ci maddəsinə əsasən istirahət hüqüqüna malikdir. Lakin 43-cü polis bölməsinin əməkdaşı Zaur onun hüququnu pozub, onunla kobud danışaraq bölməyə gəlməyini tələb etmişdir. O, yenidən bölməyə getmişdir. X5 bildirmişdir ki, onun barəsində cərimə yazacaq. O, öz etirazını bildirmiş və cərimənin nəyə əsasən olduğunu soruşmuşdur. Bildirmişdir ki, telefon itmişdi, tapıldı, daha nə ola bilər? X6 bildirmişdir ki, guya o, karantin vaxtı idman zalını işlətmişdir. O, yenə bildirmişdir ki, 31 dekabr bayram günüdür, bu günü hamı evdə qeyd edir. Əgər zalı işlətmiş olsaydı, həmin gün oraya kim gələrdi? Həmin gün tələbələri ilə zalın yanında görüşmüş, idmançılar isə yaxınlıqda yaşayan adamlar olmuşdurlar. Ola bilsin ki, onlar bayramla əlaqədar yığışaraq bir-birlərini təbrik ediblər. Axı bu ilin bayramı həm də ikiqat bayramdır, çünki biz Qarabağı qaytardıq. Lakin o, başa düşmüşdür ki, Orucovun məqsədi başqa imiş. Belə ki, onu hədələyərək bildirmişdir ki, əgər o, protokola qol çəkməsə, bu halda işlədiyi idman zalının sahibinə 5 000 manatlıq cərimə tətbiq olunacaq.İdman zalının yiyəsini yaxşı tanıyır, onlara çox yaxşılıq edibdir. Belə ki, ona bir neçə dəfə yardım göstərmişdir.O istəməzdi ki, ona ziyan gəlsin. O, polis mayoruna bildirmişdir ki, sizdə heç bir fakt yoxdur və ola da bilməz.Öz nailiyyətlərini nəzərə alaraq cənab prezidentlə şəklini göstərmiş və fikirləşmişdir ki, bununla da hər şey bitər.Lakin nəticəsi olmamışdır.X4 telefonunu stolun üstünə ataraq onunla kobud şəkildə rəftar etmişdir. Lakin o, yenə də öz təmkinini saxlamışdır.Bu anda Zaur protokolu qarşısına qoyaraq sənədə qol çəkməyini "məsləhət görmüş" və bildirmişdir ki, ya o, 400 manat cərimə olunacaq, ya da idman zalının sahibinə 5000 manat cərimə tətbiq olunacaq. Həm bayram günü yaxın qohumların yanına gedə bilmək üçün, həm də Zaurun əlindən canını qurtarmaq üçün protokola oxumamış qol çəkmiş və bölmədən ayrılmışdır.Yanvar ayında Binəqədi rayon İcra və Probasiya şöbəsindən zəng gəlmişdir ki, onun adına cərimə var.O, bildirmişdir ki, günahı olmadığı halda adına cərimə yazılsa da, o, bu cəriməni ödəməyəcəkdir.Lakin cərimənin məbləğini eşidərkən çox təcümlənmişdir, ona bildirmişlər ki, 400 AZN yox, 3 000 AZN cərimə ödəməlidir. O, etirazını bildirmiş və hər şeyi olduğu kimi danışmışdır.İcra məmuru ona tövsiyə etmişdir ki, məhkəməyə müraciət etsin.Belə ki, o, qanunlara riayət edən vətəndaşdır.Borclarını hər zaman vaxtında ödəmişdir.Heç kimin qabağında "gözükölgəli" deyildir. Azərbaycan polisinə də böyük hörməti var.Sual yaranır ki. vətəndaşı cərimə ödəməyə məcbur etmək bölməyə nə qazandırır? Fikrincə çoxlu cərimələrə görə bölmə rəisi qərar çıxararaq Zaur Orucovla birlikdə təşfıq alır. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verib, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə aparılmış natamam araşdırma hazırda X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılan zaman qanunvericiliyin tələblərinə tam riayət olunmamış, şəxsə onun təqsirliliyi sübut edilməmiş, özünü müdafiəsi üçün şərait yaradılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, 30 dekabr 2020-ci il tarixdə qüvvəyə minmiş, 18 dekabr 2020-ci il tarixli 224-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında “üç min manatdan dörd min manatadək” sözləri “dörd min manatdan beş min manatadək” sözləri ilə, “dörd min manatdan on min manatadək” sözləri “beş min manatdan on bir min manatadək” sözləri ilə əvəz edilmişdir. Belə olan vəziyyətdə sözügedən obyektdə inzibati xəta hadisəsi olsa da, həmin xəta ilə bağlı X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü PB tərəfindən qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-656/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-656/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver