Məhkəmə qərarları › İş №3(001)-6565/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6565/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6565/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs iştirakı ilə, xx xxxxx 1990-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR Şahbuz rayonunda qeydiyyatda olmaqla Neftçala rayonu Xolqarabucaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, o, "xxxx" MMC ilə bağladığı 001 saylı xx.xx.2024-cü il tarixli Xidmət Müqaviləsinə əsasən xidmətin təhlükəsiz aparılmasına, işçilərin və xidmətə cəlb etdiyi üçüncü şəxslərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmalarına və onların həmin qaydalara riayət etmələrinə görə məsuliyyət öz üzərinə götürdüyü halda həmin şərtlərə əməl etməyərək xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1C ünvanda yerləşən qeyriyaşayış sahəsində arakəsmələrin sökülməsi işləri zamanı işçilərin söküntü işini əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etməməsi nəticəsində ehtiyatsızlıqdan fəhlə işləyən X1 ayağına beton parçası düşmüş və sonuncu az ağır xəsarət almışdır. Buna görə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada özünü tam təqsirli bilərək, aşağı həddə cərimə edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1741 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər beton sütunun ayaqları üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Əmək Təhlükəsizliyinin tədqiqi ekspertizasının 01 noyabr 2024-cü il tarixli 3-16-16/2- 10/8436 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1C ünvanda söküntü işlərinin aparılması zamanı əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun iş şəraitinin yaradılmasını, konkret halda işçilərin söküntü işini əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 «Tikinti norma və qaydaları»nın 1.19, 1.29 və 12.23 bəndlərinin tələbləri xx.xx.2024-cü il tarixli 001 №-li xidmət müqaviləsinə əsasən həmin vəzifələri üzərinə götürmüş fiziki şəxs Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə vəzifəli şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs məsuliyyətini yüngüllləşdirən halları nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar