Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6569/2024 18.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Füzuli rayonu Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli 31a, 2 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu ünvan 3 ünvanına getmişdir. Hadisə yerinə gəldikdə əməliyyat qrupu orada münaqişə olduğunu görmüşdürlər. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs hadisə vaxtı sərxoş vəziyyətdə mübahisə yaratmış, həmçinin nalayiq ifadələr işlətmiş və mübahisə etdiyi tərəfin əmlakında olan səs sisteminə zərər vurmuşdur. Şəxs daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları dəfələrlə qanunun tələblərini izah etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi ictimai asayişi pozmamağa dəvət etmişlər, buna baxmayaraq analoji hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o hadisə zamanı sərxoş vəziyyətdə olmuş, axşam saatlarında evə sərxoş vəziyyətdə gəlmiş və ailə üzvləri ilə arasında xırda münaqişə yaranmışdır. Daha sonra əsəbi olduğu üçün evdən çıxmış, həmin zaman qonşusunun axşam saatlarında yüksək səslə musiqiyə qulaq asdığını müşahidə etmiş, hansı ki, qonşusu bu hərəkətini əvvəllər də bir neçə dəfə təkrarlanmışdı. Sərxoş vəziyyət olduğu üçün qonşusu ilə mübahisə etmiş və qonşusunun əmlakına, yəni musiqini səsləndirdiyi səs sisteminə zərər vurmuşdur. Törətdiyi əməldən peşmandır, özünü təqsirli bilir. Sərxoş vəziyyətdə olduğu üçün qonşusu ilə mübahisə edərək sonuncunun əmlakına ziyan vurmuşdur. Lakin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, nə də polislərlə dava etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında bildirmişdir ki, Şəxs barəsində DİN-in 102 xidmətinə şikayət daxil olduqdan sonra onlar ünvan 4 ünvanına getmişdirlər. Hadisə yerinə getdikdən sonra orada Şəxs sərxoş vəziyyətdə münaqişə yaratmışdır. Şəxs dəfələrlə nizam-intizama əməl etməyə tələb etmişlər, lakin Şəxs qərəzli hərəkətlərini davam etdirmişdir. Şəxs nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmçinin fiziki müqavimət göstərməklə polisin qanuni tələbinə qəsdən tabe olmamşdır. Müqavimət zamanı onun polis formasına ziyan vurmuşdur. Şəxs əlavə polis naryadının köməyi ilə polis bölməsinə təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində axşam saatlarında DİN-in 102 xidmətinə daxil olan məlumata əsasən hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdən sonra orada münaqişə olduğunu görmüşlər. Hadisə yerində olarkən Şəxs polis əməkdaşlarına yaxınlaşaraq onların xidməti vəzifələrinin icra etməsinə maneə olmuş, sərxoş vəziyyətdə olaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis mayoru X1 fiziki müqavimət göstərərək itələmiş və tabesizlik göstərərək gəlməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Odur ki, inzibati xəta haqqında protokollar düzgün olaraq tərtib olunmuş, şəxs İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları DİN-in qaynar xəttinə daxil olan şikayət əsasında polis əməkdaşları ünvan 4 ünvanına getmişlər. Həmin zaman Şəxs sərxoş vəziyyətdə qonşusu ilə münaqişə edərək nalayiq ifadələr işlətmiş, həmçinin polis əməkdaşlarının nizam-intizama əməl etmək barədə tələblərinə məhəl qoymamışdır. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs qonşusu ilə mübahisə edərək nalayiq ifadələr işlətmişdir, hadisə yerinə gələn polislər ondan nizam-intizama əməl etməyi tələb etmişlər, lakin Şəxs buna məhəl qoymayaraq analoji hərəkətlərini davam etdirmişdir. Göründüyü kimi Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməməklə bağlı polis əməkdaşlarının tələbi qanuni olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə analoji hərəkətlərini davam etdirməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni qonşusu ilə mübahisə edən zaman nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXMnin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun özününü səmimi etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, raport və şahidlərin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə uyğun olaraq inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, tənbeh tədbiri tətbiq edilən zaman İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla İXM-nin 34.3cü maddəsinə uyğun olaraq 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6569/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6569/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver