Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6570/2024 18.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Pərviz İbrahimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Pərviz İbrahimov izahat verərək bildirmişdir ki, YPX əməkdaşları xidmətdə olan zaman Vaz 21154 markalı nəqliyyat vasitəsini yol hərəkəti qaydaları pozduğuna görə saxlamışlar. Avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün qeyd edilən nəqliyyat vasitəsinin duracağa təmin olunması zərurəti yaranmışdır. Sürücüyə nəqliyyat vasitəsinin duracağa təmin olunacağı bildirilmiş və törədilmiş pozuntunun mahiyyəti izah olunmuşdur. Bundan sonra nəqliyyat vasitəsinin sürücü polis əməkdaşları ilə mübahisə edərək təhqiredici ifadələr işlətmişlər. Hadisə yerinə post patrul xidməti əməkdaşları dəvət edilmişdir. Bundan sonra sürücü saxlanılaraq polis bölməsinə gətirilməsi üçün patrul avtomobilinə əyləşdirilmişdir. Həmin zaman sürücünün yanında Şəxs da olmuşdur. Nəqliyyat vasitəsinin açarlarını sürücü ona vermişdir. Ondan açarlar tələb edildikdə isə o açarı verməkdən imtina etmişdir. O, özü hadisənin bilavasitə şahidi olmamışdır, raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Nəqliyyat vasitəsinin sürücüsü barədə də İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və sonuncu məhkəmə qərarı ilə 150 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs verdiyi izahatında bildirmişdir ki, o, polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərməmiş, əl-qol atmamış, hər hansı bir ifadə işlətməmişdir. Sadəcə nəqliyyat vasitəsinin sürücüsü açarları ona vermişdir, polislər ondan açarı istədikdə o avtomobilin ona məxsus olmadığını və açarı verə bilməyəcəyini bildirmişdir. O, açarı ona görə verməmişdir ki, nəqliyyat vasitəsinin içindən nəsə itər və məsuliyyət onun üzərində qalar deyə açarı vermək istəməmişdir. Həmin zaman sürücü PPX avtomobilində idi. O, bildirdi ki, açarı avtomobilin sahibinə qaytarsın, polis əməkdaşları həmin şəxsdən götürsünlər. Lakin buna baxmayaraq o da saxlanılaraq polis bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:35-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 17:00-da azad edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol üzrə təqsirliliyi sübuta yetirilmir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. İnzibati xəta haqqında protokol özlüyündə şəxsin inzibati xəta törətməsini təsdiq edən sübut ola bilməz, həmçinin iş materiallarında olan raportda da konkret olaraq Şəxs tərəfindən polisin qanuni tələbinə tabe olmamağın nədə ifadə olunması konkret olaraq göstərilməmişdir. Həmçinin raport etmiş əməkdaşların izahatı alınmamış, onlara yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməmişdir. Göründüyü kimi Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6570/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6570/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver