Məhkəmə qərarları › İş №3(001)-6579/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6579/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6579/2024 20.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, inzibati xəta haqqında işin müşayiət məktubunda İXM-nin 339.1-ci maddəsi ilə tərtib olunmuş protokolun məhkəməyə göndərilməsi qeyd olunsa da, daxil olmuş protokolun iki maddə ilə, X1 Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə tərtib edilməsi müəyyən edilir. Bundan başqa Ona görə ki, İnzibati Xətalar Məсəlləsinin 347-ci maddəsinnə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarında qeyd edilən sorğunun özü, habelə həmin sorğunun Şəxs MMC-yə çatdırılmasına dair mötəbər sübut yoxdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iş materiallarında olan sorğu "xxxx" QSC-yə göndərilmişdir, həmin cəmiyyətdən də avtomobilə faktiki sahibliyin Şəxs MMC tərəfindən həyata keçirildiyi məzmununda səlahiyyətli orqana cavab məktubu göndərilmişdir. Odur ki, cəmiyyətin İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinməsi üçün, sözügedən hüquqi şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun daxil olması zəruri şərtdir. İş materiallarından isə elə bir sorğunun olması müəyyən edilmir. Göstərilənlərlə yanaşı, İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati orqan cəmiyyətin səlahiyyətli nümayəndəsini izibati araşdırmada iştiraka cəlb etməməklə hüquqi şəxsin qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, sözügedən maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamış, qeyd edilən pozuntuları işə baxılarkən aradan qaldırmaq mümkün deyildir. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələlərini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar