Məhkəmə qərarları › İş №3(001)-658/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-658/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-658/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlərə işin baxılmasına hazırlanması mərhələsində baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş 23 yanvar 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar MMC-nin hüquqi ünvanı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iş materialları baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda göstərilən 23 yanvar 2025-ci il tarixli qərarın qəbul edilməsi əsası ondan ibarət olmuşdur ki, X1 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2024-cü ilin oktyabr ayının əvvəllərindən 2024-cü ilin noyabr ayının ortalarınadək Ağdam şəhərində fəhlə işlərinin görülməsinə cəlb edilmişdir. İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X1 Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə Ağdam şəhərinin inzibati ərazisində cəlb edildiyindən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında hazırki iş üzrə icraat da inzibati xətanın törədildiyi yerin yurisdiksiyasına aid məhkəmə tərəfindən aparılmalıdır. İXM-nin 116.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs (MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi ilə bağlı 3(001)-658/2025 saylı iş baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar