Məhkəmə qərarları › İş №3(001)-66/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-66/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-66/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, o, həmin vaxt evdə olmuşdur. Atası sadəcə olaraq ona etibarnamə vermişdir. Atası xaricdə olan vaxtlarda avtomobili idarə etməsi və ustaya aparması üçün onun adına çoxdan etibarnamə verilmişdir. Həmin vaxt sükan arxasında atası olmuşdur. Atasının öz kartı ilə yanacaq doldurma məntəqəsindən benzin doldurmasına dair ödəniş qəbzi bunu təsdiq edən sübutdur. İş materiallarına həmin ödəniş qəbzi əlavə edilmişdir. Qəbzdə göstərilən hesab kartının atasın məxsus olmasını təsdiq edən sübutu da məhkəməyə təqdim etmişdir. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nərimanov rayonu, M.K.Atatürk prospekti ərazisində xx.xx.2024-cü il tarixdə saat 12:33-də “Lexus LX450” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 “yanqonşusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması” qaydalarını pozmaqda təsirli bilinib, tənbeh edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

6. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar üzrə təqsirli bilindiyi inzibati xətaya dair təqsirsiz olmasını sübuta yetirmək üçün yetərli deyildir. Belə ki, mübahisələndirilən qərar üzrə səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri, yəni onun yanqonşusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qaydalarını pozması halı sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. Qeyd olunan inzibati xətanın baş verməsi şikayət vermiş şəxs tərəfindən inkar edilməmiş, lakin həmin inzibati xətanın özü tərəfindən deyil, atası tərəfindən törədilməsi göstərilmişdir. Şikayət vermiş şəxsin isə qeyd olunan iddiasını əsaslandıra biləcək heç bir sübut iş materiallarına əlavə edilməmiş və ya buna dair məhkməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, o, iş materiallarına əlavə etdiyi görüntüdən sükan arxasında özünün deyil, atasının olduğunu müəyyən etmək mümkün olmamışdır. Tərəf görüntüsü olan digər şəkli təqdim edəcəyini bildirsə də, növbəti iclasa bu sübutu təqdim edə bilməmişdir. X1 arxasında atasının olduğunu yanacaq dolduma məntəqəsində özünə məxsus kartla etdiyi ödəniş qəbzi ilə sübuta yetirildiyini göstərsə də, məhkəmə bildirmək istəyir ki, müasir texnologiyanın inkişafı hər bir şəxsə imkan yaradır ki, o bank kartlarını hətta özü ilə daşımadan smartfon telefonlarına mobil tətbiqi yükləməklə bu ödənişləri təmassız həyata keçirə bilsin. Bundan başqa kartın ona məxsusluğu hələ o kartın digər ailə üzvlərinə etibar edilərək istifadəsinə verilməməsi anlamına gəlmir.

7. Məhkəmə onu qeyd etmək istəyir ki, bu kimi mübahisəli halların aradan qaldırılması üçün DİN e_polis tətbiqindən istifadə etmək də yetərlidir. Belə ki, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilir. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşdirilir.

8. İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

9. Qeyd edilən halları tədqiq edərək, məhkəmə hesab edir ki, X3 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə heç bir inzibati xəta törətmədiyini bildirməsi ilə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir.

10. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25035364 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar