Məhkəmə qərarları › İş №3(001)-660/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-660/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-660/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdə 12038.40 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Şəxs MMC ilə “X6. Ve Tic A.S” şirkəti arasında xx.xx.2020-ci il tarixdə dəyəri 38.640 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə həmin şirkətin hesablaşma hesabına "xxxx" ASC-də yerləşən valyuta hesabından 12038.40 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Köçürülmüş vəsaitin qarşılığında “X6. ve Tic .A.S.” şirkətindən 11924.00 ABŞ dolları dəyərində mallar onlara göndərilmiş və 30.01 2021-ci il tarixdə **********3669 saylı Gömrük bəyannaməsiylə həmin mallar rəsmişləşdirilmişdir. Lakin “X6. Ve Tic A.S” şirkətinin hesabına köçürülən məbləğlə, invoys sənədində göstərilən məbləğ fərqli olduğu üçün Gömrük bəyannaməsinin 44-cü bölməsində də müqavilə məlumatları yanlış qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 25 nömrəli müqavilədən görünür ki, “X6. ve Tic .A.S.” şirkəti ilə Şəxs arasında ümumi dəyəri 38640 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli İH15781-2 nömrəli invoys sənədindən görünür ki, “X6. ve Tic .A.S.” şirkəti tərəfindən Şəxs ünvanına ümumi dəyəri 12038.40 ABŞ dolları olan malların göndərilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, 02 nömrəli “Köçürmə ərizəsi”ndən görünür ki, xx.xx.2021-ci il tarixli İH15781-2 nömrəli invoys sənədi əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 12038.40 ABŞ dolları məbləğində pul vəsaiti “X6. Ve Tic A.S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli İH1571 nömrəli invoys sənədindən görünür ki, “X6. ve Tic .A.S.” şirkəti tərəfindən Şəxs ünvanına ümumi dəyəri 11924 ABŞ dolları olan malların göndərilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli **********699 nömrəli gömrük bəyannaməsindən görünür ki, “X6. ve Tic .A.S.” şirkəti tərəfindən Şəxs ünvanına ümumi dəyəri 11924 ABŞ dolları olan mal göndərilmişdir "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023- il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 12038.40 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin banka X5 təqdim edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 12038.40 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 12038.40 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Belə ki, “X6. ve Tic .A.S.” şirkəti ilə Şəxs arasında xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 38640 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanılmış, “X6. ve Tic .A.S.” şirkəti tərəfindən invoys dəyəri 11924 ABŞ dolları olan mallar Şəxs ünvanına göndərilərək xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi verilsə də, xx.xx.2021-ci il tarixli İH15781-2 nömrəli invoys sənədi əsasında “X6. Ve Tic A.S” şirkətinin hesabına köçürülmüş 12038.40 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış malların Azərbaycan Respublikasına göndərilməsi, bununla bağlı gömrük bəyannaməsinin verilməsi və ya qeyd edilən məbləğdə valyuta vəsaitinin geri qaytarılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12038.40 (on iki min otuz səkkiz dollar qırx sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 25% (iyirmi beş faizi) miqdarında olan 3009.6 (üç min doqquz dollar altı sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 5116.32 (beş min yüz on altı manat otuz iki qəpik ) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar