Məhkəmə qərarları › İş №3(001)-6601/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6601/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6601/2024 19.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Musakücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, orta təhsilli, Masallı rayonu, Musakücə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs və qardaşının polis qanuni tələbinə tabe olmamağına dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə raport daxil olmuşdur. Şəxs qardaşının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması başqa sahə inspektoruna, Şəxs barəsində icraat aparılması isə ona həvalə edilmişdir. Tərəfindən araşdırma aparılaraq Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həmin yerdə çoxsaylı nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən saxlanılmışdı. O, qardaşının avtomobilinin də orada olmasını görmüş, öz idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq qardaşının yanına getmişdir. Həmin zaman orada olan inspektorlardan biri onun nəqliyyat vasitəsinin nömrəsini portala daxil etmiş, bundan sonra ona icazəsi olmasını bildirərək gedə biləcəyini söyləmişdir. O, qardaşının yanına çatanda görmüşdür ki, qardaşının yanında polis əməkdaşı vardır və qardaşını harasa aparırlar. O, geri qayıdanda görmüşdür ki, onun da idarə etdiyi nəqliyyat vasitəsinin yanında polis əməkdaşı dayanmışdır. O, etiraf edir ki, avtomobilinin təkərlərində nasazlıq mövcuddur, lakin ona qeyd olunan əsasla bağlı saxlanılması bildirilməmişdir. O, polis əməkdaşlarına kasıb olduğunu, imkan olduğu halda onu buraxmalarını xahiş etmişdir. Avtomobili sürməsi tələb olunanda gec sürməsinə səbəb isə nəqliyyat vasitəsi hava ilə işlədiyindən havanın dolmasını gözləməsi olmuşdur. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Elməddin Məmmədli bildirmişdir ki, 18 noyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində xidmət aparan zaman 2 yük maşınına şəhərə girişlə bağlı saxla işarəsi vermişlər. Həmin 2 yük maşınından öndə gələni Şəxs, geridən gələni isə sonuncunun qardaşı idarə edirdi. O, həmin yük maşınlarına sənədləri yoxlamaq üçün yaxınlaşan zaman arxadakı sürücü, yəni Şəxs qardaşı oradan qaçmışdır. Elə Şəxs özü ilə birlikdə sonuncunun qardaşını axtarmışlar, təqribən 15 dəqiqədən sonra həmin şəxs gəlmişdir. Həmin şəxsin sənədləri yoxlanan zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək nəqliyyat vasitəsini hərəkətə keçirərək oradan Baksol istiqamətində uzaqlaşmışdır. Orada ekipaj yoldaşı olan digər inspektor Şəxs saxlamaq üçün oradan təqibə başlamışdır. Bir qədər irəlidə Şəxs nəqliyyat vasitəsini saxlayaraq qaçmasını müəyyən etmişdir. Təqribən 15 dəqiqə Şəxs həmin ərazidə axtarmışlar, hətta köməyə post patrul xidməti əməkdaşları da çağırılmışdır. Bir müddət sonra Şəxs gəlmiş, polis əməkdaşları ilə lağlağı edərmişcəsinə müxtəlif yerlərdə olmasını bildirən ifadələr işlətmişdir. Dəfələrlə Şəxs nəqliyyat vasitəsini işə salaraq duracağa sürməsi tələb olunmuş, lakin sonuncu qərəzli şəkildə nəqliyyat vasitəsini idarə etməmişdir. Dəfələrlə hərəkətlərini sonlandırması xahiş edilsə də, əməl etməmiş, sonda post-patrul xidməti əməkdaşlarının köməyi ilə nəqliyyat vasitəsini duracağa təmin edilmişdir. Şəxs avtomobilinin duracağa təmin olunmasına səbəb sonuncunun avtomobilində quraşdırılmış əlavə işıqlar və 2 təkərinin çox nasaz vəziyyətdə olması olmuşdur. Şəxs idarə etdiyi avtomobilin 2 təkəri demək olar ki, yalnız simin üzərində qalmışdır. Həmçinin Şəxs heç kim oradan getməsini bildirməmiş, əksinə şəxsə gözləməsi bildirilmişdir. Qeyd edilməlidir ki, Şəxs və qardaşı sözünün əsl mənasında orada oyun oynamışlar, gah biri qaçmış, gah digəri qaçmışdır. Şəxs təhlükəsiz şəhər kameraları vasitəsi ilə də xeyli axtarmışlar. Əlavə olaraq bildirmişdir ki, Şəxs buraxılış icazə olmuşdur, lakin nəqliyyat vasitəsi həmin icazənin olmadığına görə deyil, təkərlərdə olan nasazlığa görə duracağa təmin olunmuşdur. Həmin zaman orda onların şöbə rəisi olmuş, rəis bildirmişdir ki, avtomobildə nasazlıq var, duracağa təmin olunmalıdır. Şəxs bu sözü eşitdikdən sonra nəqliyyat vasitəsini işə salaraq uzaqlaşmağa başlamışdır.Nəqliyyat vasitəsinin duracağa təmin edilməsinə əsas nəqliyyat vasitəsinin şinlərində olan nasazlıq olmuş, bununla bağlı şəxsə İXM-nin müvafiq maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin nəqliyyat vasitəsinin şinlərinin çəkilmiş fotogörüntülərini hazırda məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis leytenantı X3 izahatında bildirmişdir ki, 18 noyabr 2024-cü il tarixdə axşam radələrində yük maşınlarına saxlama əmri vermişlər. Həmin zaman yük maşınlarının şəhərə girişə icazələrinin olubolmaması yoxlanılırdı. Saxlanılan nəqliyyat vasitələrindən ikisinin sürücüləri isə müvafiq olaraq Şəxs və onun qardaşı olmuşdur. Şəxs qardaşının idarə etdiyi nəqliyyat vasitəsinin Bakı şəhərinə daxil olması üçün icazəsi mövcud olmamışdır, həmin səbəbdən sonuncunun nəqliyyat vasitəsinin duracağa təmin olunması zərurəti yaranmışdır. Bu zaman nəqliyyat vasitəsinin sürücüsü oradan qaçmışdır, şəxsin Şəxs özü ilə sonuncunun qardaşını axtarmışlar. Təqribən 15 dəqiqə sonra şəxsin qardaşı gəlmişdir. Onlar orada olan zaman şöbə rəisləri Şəxs nəqliyyat vasitəsinin təkərlərinin yararsız olduğunu müşahidə edib nəqliyyat vasitəsinin istismarının qadağan olunmasının lazım olmağını bildirmişdir. Bunu eşidən Şəxs yük maşınını işə salıb oradan qaçmağa çalışmışdır. O, şəxsən patrul avtomobili ilə Şəxs arxasıyca getmiş, bir qədər irəlidə nəqliyyat vasitəsini sahibsiz qoyub sonuncunun düşüb getdiyini müşahidə etmişdir. Bir xeyli müddət ərazi üzrə axtarış aparmışlar, post-patrul xidməti də axtarış da onlara kömək etmiş, həmçinin kameralara da baxış keçirmişlər. Bir müddətdən sonra Şəxs gəlmişdir. Şəxs məsələnin mahiyyəti izah olunmuş, etdiyi hərəkətin yovlerilməz olması bildirilmişdir. Lakin Şəxs onları ələ salaraq yalandan guya ərazidə olduğunu bildirmişdir. Dəfələrlə Şəxs nəqliyyat vasitəsini işə salaraq duracağa təmin edilməsi tələb edilmiş, lakin sonuncu tələbə məhəl qoymamışdır. Yalnız post-patrul xidməti əməkdaşlarının müdaxiləsindən sonra şəxs avtomobili idarə edərək duracağa aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 000125 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20-də inzibati qaydada tutulmuş, həmin tarixdə saat 23:50-də isə azad edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim fotoşəkillərdən görünür ki, şəkildə olan foto-şəkillərdəki avtomobilin şinləri kifayət qədər aşınmış və nasaz vəziyyətdədir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin təkərləri nasaz olduğundan, həmin nasazlığın yerində aradan qaldırılması mümkün olmadığından nəqliyyat vasitəsinin durcağa yerləşdirilməsi tələb edilmişdir. Lakin Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunacağını eşitdikdən sonra oradan uzaqlaşmışdır. İrəlidə nəqliyyat vasitəsini saxlayıb, özü isə nəqliyyat vasitəsindən düşərək harasa getmişdir. Yalnız polis əməkdaşlarının səyləri nəticəsində tapılmış, onun tapılması üçün polislər tərəfindən kameralara da baxılmışdır. Bundan sonra Şəxs nəqliyyat vasitəsini duracağa sürməsi tələb edildikdə sonuncu dəfələrlə avtomobilin hərəkət etdirilməsini yubadaraq nəqliyyat vasitəsini hərəkətə salmamış, yalnız post-patrul xidməti əməkdaşlarının müdaxiləsindən sonra nəqliyyat vasitəsini duracağa sürmüşdür. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, İXMnin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin təkərlərində nasazlıq olması isə həm onun özünün izahatı, həm də məhkəməyə təqdim edilmiş foto-şəkillərlə təsdiq olunmuşdur. Odur ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə yönələn tələb avtomobilin təkərləri nasaz olduğundan və nasazlığın yerində aradan qaldırılması mümkün olmadığından qanuni olmuşdur. Lakin Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə ərazidə olan polis əməkdaşının sözünü eşitdikdən sonra hadisə yerindən nəqliyyat vasitəsini sürüb uzaqlaşmaqla, həmçinin daha sonra isə yalnız post-patrul xidməti əməkdaşları müdaxilə etdikdən sonra nəqliyyat vasitəsini işə salaraq buna qədər avtomobili sürməyi yubatmaq avtomobilinin cərimə meydançasına aparılmamasına nail olmağa çalışmışdır. Göstərilənlərə əsasən Şəxs qeyd olunan əməli ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raportlar, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20-də inzibati qaydada tutulsa da, həmin tarixdə saat 23:50-də azad edilmişdir. Məhkəmə iclasına özü sərbəst şəkildə gəlmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli hazırkı qərarın elan edildiyi tarixdən hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli hazırki tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar