Məhkəmə qərarları › İş №3(001)-6617/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6617/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6617/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, DİN Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29965887 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və həmin qərarın ləğvinə dair şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 vəsatətlə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş İXM-in 346.4-cü maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025ci il tarixli, EQ 29965887 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, SMS Radar proqramı inzinabti xəta haqqında protokol tərtib olunan zaman onun telefonunda olmadığından və o, başqa heç bir yolla məlumatlandırılmadığından protokoldan gec xəbəri olmuşdur. Məhkəmə şikayətçinin vəsatətini inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş şikayət ərizəsi ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, şikayətçi X2 tərəfindən “buraxılmış prosessual müddətin bərpa edilməsinə dair” verilmiş vəsatət təmin edilməməlidir. Belə ki, şikayətçi X2 şikayət ərizəsində göstərmişdir ki, 15 avqust 2025-ci il tarixdə saat 23:49-da ona məxsus və öz istifadəsində olan telefona SMSRadar tətbiqi vasitəsi ilə ona məxsus və tərəfindən idarə olunan **-UJ-*** nömrəli avtomobilin 80 azn 2 bal cərimə olunması barədə SMS gəlmişdir. Lakin, şikayətçi buraxılmış prosessual müddətin bərpasına dair vəsatətdə, cərimə tətbiq olunduğu dövrdə mobil telefonunda SMSRadar tətbiqinin olmadığını qeyd etmişdir. Göründüyü kimi şikayətdə və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətdə göstərilən bir-biri ilə ziddiyət təşkil edir. Odur ki, vəsatət əsaslı deyildir, vəsatətdə göstərilən səbəblər qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsinə əsas vermir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-nin 57.5-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. İXM-nin 57.5-1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:[61] 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). İXM-nin 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 57-1.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 57-1.3. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. 57-1.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar nömrələnmiş blankda tərtib edildikdə, həmin sənədlərin kağız daşıyıcıda surəti onlara yerində verilir (iş materialları və bu Məcəllədə nəzərdə tutulan hüquqları barədə məlumatlarla tanış ola biləcəyi internet ünvanı şəxsə bildirilir). Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokollar və elektron qərarlar barədə məlumatlandırılması, olduğu halda onların mobil telefon nömrəsinə bu barədə SMS məlumatı göndərilməklə və ya bu Məcəllənin 57-1.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir. İXM-in 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. AR DİN Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29965887 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə verilmiş vəsatət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar